Kokpit.az xatırladır ki, italyan sürücü hazırda ən istedadlı pilotlardan biri sayılır və buna görə də Mercedes komandası onu 18 yaşında transfer edib.
Kimi hələ 11 yaşından Mercedes-in Sürücü Akademiyasına daxil olub və “gümüşü oxlar” onu 18 yaşında Formula 1 komandasına gətiriblər. Gənc sürücü bu fürsətdən maksimum istifadə etmək istəyir.
Jurnalistlər Kimi Antonellidən “Lyuis Həmiltonu əvəz edirsən?” deyə soruşublar. 18 yaşlı pilot buna belə cavab verib: “Özümü Lyuisin yerinə keçmiş kimi hiss etmirəm. Mən sadəcə Mercedes-in sürücüsüyəm.
Mənə inanılmaz fürsət verdilər və mənə inandıqları üçün onlara minnətdaram. Ancaq bu eyni zamanda böyük məsuliyyətdir.
Mercedes kimi həmişə zirvə hədəfi olan bir komanda üçün yarışacağam və hamı məndən yaxşı nəticə gözləyir.
Hələ üç il yarım bundan əvvəl kartinqdə yarışırdım. Formula 1 həmişə mənim xəyalım idi, amma belə sürətlə inkişaf edəcəyimi heç vaxt düşünməmişdim.
İndi xəyallarım reallaşdı. İlk gündən etibarən yaxşı bir temp tutub, stabil formada inkişaf etmək istəyirəm. Böyük səhvlər etməməyə çalışacağam, çünki belə səhvlər insanı bir neçə addım geriyə apara bilər və yenidən özünə gəlmək vaxt ala bilər. Gözləntiləri qarşılamaq üçün əlimdən gələni edəcəyəm”.
Şərh əlavə et