Xəbəri Kokpitdə Oxuyun!

Ümumdünya şurası Monako QP üçün 2 pit-stopu təsdiqləyib

Bir neçə gün əvvəl FIA-nın Ümumdünya Şurasının 2025-ci ildəki ilk iclası keçirilib və orada əvvəllər qəbul edilmiş bir sıra qərarlar rəsmi olaraq təsdiqlənib.

Kokpit.az bildirir ki, toplantıda həm də Monako Qran Prisində hər bir sürücünün məcburi iki pit-stop etməsi məsələsi də müzakirə olunub və qəbul edilib – bu qayda həm quru, həm də yaş trasda baş tutan yarışlara şamil olunacaq.

Bu il Monakoda keçiriləcək yarış zamanı ən azı üç təkər dəsti məcburi olacaq. Yarış quru yolda keçirilirsə, ən azı iki fərqli slikdən istifadə edilməlidir. Qəbul edilən yeniliyin ənənəvi ötmələrin az olduğu trasdakı yarışı daha möhtəşəm edəcəyi gözlənilir.

Bundan əlavə, Dünya Şurası 2025-ci il mövsümü üçün Formula 1, Formula 2, Formula 3, Formula E və digər seriyalar üçün təqvimləri təsdiqləyib. Əvvəllər dərc edilmiş versiyalara heç bir dəyişiklik edilməyib, ona görə də bu təsdiq sadəcə formal xarakter daşıyır.

Dünya Şurasının növbəti iclası iyunun 10-da Makaoda baş tutacaq, oktyabrın 16-da keçiriləcək iclas isə virtual xarakter daşıyacaq. İlin yekun tədbiri olan FİA Baş Assambleyasının isə dekabrın 10-da Özbəkistanın paytaxtı Daşkənddə keçirilməsi nəzərdə tutulub. Mövsümün çempionlarının mükafatlandırma mərasimi də orada baş tutacaq.

Elçin Zodorov

Şərh əlavə et