Xəbəri Kokpitdə Oxuyun!

Taylandda əsas sərbəst yürüşlərdə Aleks Markes zirvədədir

MotoGP üzrə Tayland Qran Prisinin əsas sərbəst yürüşlərində Aleks Markes hamıdan sürətli olub.

Kokpit.az bildirir ki, ispaniyalı sürücü atdığı son dövrə ilə liderliyi ələ alıb. Günün sensasiyası isə Ducati komandasının sürücüsü Françesko Banyayadan gəlib. İtalyan sürücü 13-cü yeri tutaraq, sıralanma turunda ikinci sessiyaya qala bilməyib.

Keçən ilin GP24 modeli ilə yarışan Gresini komandasının sürücüsü Aleks Markes isə son anlarda atdığı 1.29.020 zaman nəticəsi ilə Mark Markesi geridə qoyub. Mark Markes isə son cəhdində nəticəsini yaxşılaşdırsa da, qardaşından 0.052 saniyə geridə qalaraq ikinci olub.

KTM komandasından Pedro Akosta üçüncü, Aprilia-dan Marki Bezzekki dördüncü yerləri tutublar. Lakin italyan sürücü üçüncü döngədə yıxılıb və sarı bayraqlara səbəb olub. Bu səbəbdən Françesko Banyayanın 1.29.492 zaman nəticəsi silinib. Buna baxmayaraq ikiqat Dünya Çempionu nəticəsini yaxşılaşdırmaq üçün yenə də dövrə vurub, ancaq yarış trayektoriyasında VR46 sürücüsü Franko Morbidelli onu ləngidib və Pekko 13-cü yerə razı olub.

Franko Morbidelli beşinci, Xoan Mir altıncı olub. Fabio Kuartararo isə qəza etməsinə baxmayaraq səkkizinci yeri tutub.

Rauf Hacıyev

Şərh əlavə et