Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Aston Martin AMR25 təqdim edilib

Aston Martin komandası 2025-ci il bolidi AMR25-i təqdim edib.

Kokpit.az bildirir ki, AMR25 keçənilki AMR24-ün təkmilləşmiş versiyasıdır. Xüsusən aerodinamika cəhətdən edilən dəyişikliklər hesabına bolidin daha stabil olması hədəflənib.

Yeni bolidin ön və arxa qanadlarında, saydpodlarda, motor qapağında və altlıqda vacib dəyişikliklər edilib. Bunun hesabına aşağı sürətdə asfaltayatmaq qüvvəsi artırılacaq və bolid daha stabil olacaq.

Komandanın rəhbəri Endi Kovell: “AMR25-i sabah trasa çıxarmaq üçün səbirsizlənirik. Bu maşını Silverstoundakı AMR Texnologiya Düşərgəsində gərgin işlərdən sonra düzəltdik. Aston Martin-in genlərindən ilham alaraq, hər sahədə mükəmməl olmağa çalışırıq.

Bu il bolidimizin daha yaxşı olması üçün işlədik. Bilirik ki, mövsümün əvvəlindən mübarizə sıx olacaq. Hədəflərimiz realistdir. Davamlı inkişaf etməyi hədəfləyirik”.

Komandanın sürücüsü Fernando Alonso: “2024-cü ildən çox şey öyrəndik. Bu təctübəni 2025-ci il maşınına daşıyırıq. Bu il hazırkı reqlamentin son mövsümüdür və buna görə mübarizə sərt olacaq. Amma komanda qış ərzində çox işlədi. Buna görə də mövsümün başlamasını gözləyirəm”.

Komandanın sürücüsü Ləns Stroll: “AMR Texnologiya Düşərgəsindəki hər kəs 2025-ci il maşını üzərində çox işlədi. Bu komandada böyük layihə inşa edirik. Önümüzdə əla il var. Mövsümün başlamasını səbirsizliklə gözləyirəm”.

Aston Martin komandası kommersiya cəhətdən də böyüyüb. Britaniyalıların sponsor sayı 32-yə yüksəlib.

AMR25-də olan dəyişikliklər:

Ön qanad: Daha çox asfaltayatma qüvvəti istehsalı etmək və bolidin balansını artırmaq üçün yenidən dizayn edilib.

Saydpod: Daha dərin hava kanalları olan saydpodların hesabına hava axımı yaxşılaşacaq və performans artacaq.

Motor Qapağı: Daha kəskin dizayn edilib. Bunun hesabına bolidin arxa tərəfinə hava axımı daha yaxşı yönləndiriləcək.

Asılqan: Həm ön, həm də arxa asılqanlarda push-rod sistemindən istifadə edilib.

Əyləclər: Brembo əyləc bəndləri və Carbon İndustrie karbon fiber disklərlə təmin edilib.

Qeyd edək ki, Aston Martin komandası sabah Bəhreynin Saxir trasında AMR25 ilə reklam çəlilişi edəcək.

Mövsümöncəsi qış testləri isə fevralın 26-28-də keçiriləcək.

Rauf Hacıyev

Şərh əlavə et