Xəbəri Kokpitdə Oxuyun!

McLaren MCL39 təqdim olunub

McLaren komandası Silverstounda təşkil edilən təqdimat mərasimində 2025-ci il bolidi MCL39-u təqdim edib.

Kokpit.az xatırladır ki, komandalar builki rəng çalarlarını fevralın 18-də Londondakı O2 Arenadakı F1 75 tədbirində təqdim edəcək. Buna görə də McLaren bu gün müvəqqəti kamuflajlı rəng çaları ilə təqdimat edib.

Sabah isə Williams komandasının təqdimatı olacaq və onlar da kamuflajlı rəng çaları ilə təqdimat edəcəklər.

McLaren-in rəhbəri Zek Braun: “Bu tədbir 2025-ci ildə çempionluğu qazanmaq üçün verdiyimiz mübarizənin dönüm nöqtəsidir.

MCL39-u ilk dəfə trasda görmək gözəl oldu. Komanda bu layihənin üzərində uzun müddətdir ki, işləyirdi.

Yenə də realist olmalıyıq, çünki rəqiblərimiz də qış ərzində inkişaf ediblər. Keçən il peletondakı komandaların bir-birilərinə necə yaxınlaşdıqlarını gördük. Bu da idman üçün yaxşı haldır.

MCL38 ilə böyük addımlar atdıq. MCL39 ilə bunu daha da irəliyə daşıdıq. Amma real gücümüzü Avstraliya Qran Prisində görəcəyik”.

Komandanın rəhbəri Andrea Stella: “2024-cü ili çempion kimi bitirdik və nə qədər güclü olduğumuzu gördük. Bu il də eyni çətinliklər davam edəcək.

Komanda mövsümə mümkün qədər yaxşı hazırlaşmaq üçün çox yaxşı işləyib. Keçənilki mübarizədən çox şey öyrəndik. Yeni mövsümdə hədəflərimizə çatmaq üçün bunlardan istifadə edəcəyik”.

Lando Norris: “Kamuflajlı rəng çaları doğrudan da əyləncəlidir. Rəsmi təqdimatdan əvvəl fərqli şey göstərmək gözəldir”.

Oskar Piastri: “MCL39-un sükanı arxasına keçmək əla hissdir. Bolidi ilk dəfə test edib, Bəhreyndəki testlərdən əvvəl vacib məlumatlar toplayacağıq”.

Rauf Hacıyev

Şərh əlavə et