Xəbəri Kokpitdə Oxuyun!

Xorxe Martin sınıqlara görə testləri buraxacaq

Sepanq testində qəza edən Xorxe Martinin bədənində bir neçə qırıq tapılıb və Aprilia komandasının sürücüsü testlərin qalan günlərində iştirak edə bilməyəcək.

Kokpit.az bildirir ki, ispaniyalı sürücü Aprilia RS-GP ilə ikinci testinə çıxıb və Sepanq trasının döngəsində qəza edib.

Sonuncu Dünya Çempionu motosikletindən şiddətli formada uçub və başının üstünə düşüb. Bundan sonra sessiya qırmızı bayraqlarla dayandırılıb.

Martin şüurunu itirməyib, amma ayağında və qolundakı ağrılara görə xəstəxanaya aparılıb.

Aparılan araşdırmalardan sonra məlum olub ki, Martinin sağ əlində bir, sol ayağında isə bir neçə qırıq müəyyən olunub.

Aprilia bu barədə belə açıqlama verib: “Xorxe Martinin sağ əlindəki beşinci metatarsal sümüyündə qapalı sınıq, sol ayağında üçüncü, dördüncü və beşinci metatarsal sümüklərində qapalı sınıq tapılıb. BT axtarışı və MR nəticəsi başqa yaralanma olmadığını göstərib. Bu gecə xəstəxanada qalacaq və sabah Avropaya qayıdaraq sağ əli və sol ayağından əməliyyat olunacaq”.

Martin gün ərzində iki fərqli qəza keçirib. Martın əvvəl birinci döngədə yıxılmış, ancaq ikinci motosikletə keçərək, yenidən trasa qayıtmışdı. Ancaq nahar vaxtı ikinci qəzadan sonra testlərdən çəkilməli olub.

Aprilia-nın peyk komansası olan Trackhouse-un sürücüsü Raul Fernandes də testlərin ilk günündə yıxılıb. İspaniyalı pilotun sol əlində metakarpal sümüyündə sınıq aşkarlanıb. O, Barselonaya qayıdaraq əməliyyat olunacaq.

Bundan başqa VR46 komandasının sürücüsü Fabio di Canantonio da sol körpücük sümüyü qırılıb və testlərdə iştirak edə bilməyəcək.

İtalyan sürücünün vəziyyəti barədə belə açıqlama verilib: “Fabio di Canantonio Sepanq testində beşinci döngədə keçirdiyi qəzadan sonra sol körpücük sümüyü qırılıb. Buna görə də İtaliyaya qayıdaraq əməliyyat olunacaq”.

Rauf Hacıyev

Şərh əlavə et