Xəbəri Kokpitdə Oxuyun!

Testlərin ikinci günündə Morbidelli lider olub

MotoGP üzrə mövsümöncəsi testlərin ikinci günü geridə qalıb. VR46 komandasının sürücüsü Franko Morbidelli Ducati-si ilə günü zirvədə bağlayıb.

Kokpit.az bildirir ki, italyan sürücü testlərin ikinci günündə Fabio Kuartararonu geridə qoya bilib. Keçən ilin Ducati GP24 motosikletini sürən Franko 1.57.210 zaman nəticəsi ilə zirvəyə oturub. Bu nəticə Fabio Kuartararonun dünənki sürətli dövrəsini 0.3 saniyə qabaqlayıb.

Gün ərzində hava qızdıqca əksər sürücülər yarış tempində işləməyə başlayıblar və buna görə də Morbidellinin nəticəsini yaxşılaşdırmaq mümkün olmayıb.

Yamaha komandası isə Sepanq trasında güclü performans göstərməyə davam edib. Fabio Kuartararo səhər vurduğu dövrə ilə lider Morbidellidən sadəcə 0.1 saniyə geridə qalıb.

Üçüncü və dördüncü yerləri isə Gresini komandasının sürücüləri Aleks Markes və Fermin Aldequer tutublar. Aldequer yenə də günün ən sürətli debütant sürücüsü olub.

Nahardan sonra yağan yağış nəticələrin yaxşılaşmasına imkan verməyib. Françesko Banyaya günün ikinci saatında 15-ci döngədə qəza edib. Buna baxmayaraq sona 30 dəqiqə qalmış 1.57.652 zaman nəticəsi göstərib və beşinci olub. Honda-nın təcrübəli sürücüsü Xoan Mir isə 1.57.791 zaman nəticəsi ilə 6-cı yeri tutub.

Onluğu Pedro Akosta, Migel Oliveyra, Marko Bezzekki və Cek Miller bağlayıb.

MotoGP üzrə altıqat Dünya Çempionu Mark Markes isə Sepanqda sakit gün keçirib və Franko Morbidellidən 1.2 saniyə geridə qalaraq, 14-cü olub.

Sonuncu Dünya Çempionu Xoxe Martin, Raul Fernandes və Fabio di Canantonio dünən qəza ediblər və buna görə də Avropaya gedərək, əməliyyat olunublar. Onlar bu gün testlərdə iştirak etməyiblər.

Bu gün Aprilia və Ducati komandalarında trasa test sürücüləri Lorenso Savadori və Mikele Pirro çıxıblar.

Rauf Hacıyev

Şərh əlavə et