Kokpit.az xatırladır ki, Fabio Kuartararo keçən həftə elə bu trasda Shakedown testlərində ən sürətli nəticəni göstərmişdi. O, bu həftəki testlərə də lider kimi başlayıb. 2021-ci ilin Dünya Çempionu son saatda atdığı 1.57.55 zaman nəticəsi ilə günün ən sürətli sürücüsü olub və keçənhəftəki nəticəsini 0.2 saniyə yaxşılaşdırıb.
Ducati komandasının sürücüsü Mark Markes isə testlərin bitməsinə 5 dəqiqə qalmış GP25 ilə 1.57.606 zaman nəticəsi göstərib və lider Kuartararodan 0.051 saniyə geridə qalıb. Ümumilikdə isə Kuartararo və Markes qardaşları 118 saniyənin altına düşə biliblər.
Gresini komandasının yeni sürücüsü Fermin Aldequer isə 1.58.035 zaman nəticəsi ilə dördüncü olub və debütantlar arasında ən yaxşı nəticəni qazanıb. VR46 komandasından Franko Morbidelli beşinci, Honda-nın sürücüsü Xoan Mir altıncı yeri tutub.
Honda keçən həftə Sepanqdakı shakedown testlərinə qatılma icazəsi alsa da, Xoan Mir və Luka Marini yeni motosikletin təqdimatında olduqları üçün testdə iştirak etməmişdilər.
VR46-nın sürücüsü Fabio di Canantonio Ducati GP25 ilə ilk testinə çıxıb və yeddinci yeri tutub. Noyabr ayında əməliyyat olduğu üçün Barselona testlərində iştirak etməyən italyan sürücü Sepanqda geri qayıdıb.
Pramac komandasının sürücüləri Cek Miller və Migel Oliveyra müvafiq olaraq 8 və 10-cu yerləri tutublar. Onları LCR Honda komandasından Yohan Zarko ayırıb.
KTM komandasının sürücüləri Pedro Akosta və Bred Binder müvafiq olaraq 11 və 12-ci yerlərdə qərarlaşıblar.
MotoGP üzrə ikiqat Dünya Çempionu Françesko Banyaya isə Ducati ilə 23 dövrə vurub və yekunda 17-ci yeri tutub.
Testlərin ikinci saatında sonuncu Dünya Çempionu Xorxe Martin Aprilia-sı ilə ikinci döngədə qəza edib və başının üstünə düşüb. Bununla da sessiya qırmızı bayraqlarda dayandırılıb. İspaniyalı sürüxü sol ayağında və sağ qolunda şiddətli ağrılar hiss etdiyi üçün xəstəxanaya aparılıb.
Digər tərəfədən Aprilia-nın peyk komandası olan Trackhouse-un sürücüsü Raul Fernandes ağır qəza keçirib və sol əli qırıldığı üçün testdən çəkilib. Fernandes əməliyyat olmaq üçün cümə günü Barselonaya uçacaq.
Fernandesin komanda yoldaşı, 2024-cü ilin Moto2 çempionu Ai Oqura isə gün ərzində qəza etsə də, testlərə davam edib və 16-cı olub.
Şərh əlavə et