Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Lousonun mühəndisi Riçard Vud olacaq

Red Bull komandası Liam Lousonun yeni yarış mühəndisinin Riçard Vud olacağını təsdiqləyib. 

Kokpit.az bildirir ki, Red Bull-a yeni transfer olunan yeni zelandiyalı pilotun yarış mühəndisi Riçard Vud olacaq. Ona komanda daxilində “Vudi” deyirlər. 

Britaniyalı mütəxəssis daha əvvəl Serxio Peresin performans mühəndisi kimi işləyirdi. 2024-cü ildə bəzi yarışlarda Serxio Peresin yarış mühəndisi Huq Börd atalıq məzuniyyətinə çıxanda, Riçard Vud meksikalı pilotun yarış mühəndisliyini edirdi. Lakin Roçard 2025-ci ildə bu vəzifəyə daimi olaraq gətirilib və gənc Liam Lousonun yarış mühəndisliyini edəcək.

Red Bull komandası keçən ilin sentyabr ayından etibarən idarəçilikdə yenidənqurma işləri etməyə başlamışdı. Bunun əsas səbəbi isə komandanın idman direktoru Conatan Vitlinin Sauber-ə keçməsi idi. Vitli aprelin 1-də Sauber-də işləməyə başlayacaq və hazırda icbari məzuniyyətdədir.

Red Bull komandası Conatan Vitlinin əvəzinə başqa adam gətirmək əvəzinə onun işini bir neçə adam arasında bölüşdürüb. Canpiero Lambise Red Bull komandasının Yarış Əməliyyatları Rəhbəri olub və onun üzərində artıq daha çox məsuliyyət var. O, eyni zamanda Maks Ferstappenin yarış mühəndisi olmağa davam edəcək.

Baş strateq Vill Körtni isə 2026-cı illin ortasında McLaren-ə keçəcək və bu müddət ərzində Red Bull komandasında işləməyə davam edəcək. Körtninin bəzi işlərini isə Red Bull-un yeni idman direktoru Stiv Nouless yerinə yetirəcək. Nouless yarış kontrolu vəzifəsindən məsul olacaq.

Maks Ferstappenin mühəndis heyətində isə heç bir dəyişiklik olmayıb. Maykl Menninq komandadakı vəzifəsinin dəyişdirilməsini istəsə də, bu baş verməyəcək və o, 2025-ci ildə də eyni vəzifədə işləyəcək.

Rauf Hacıyev

Şərh əlavə et