Xəbəri Kokpitdə Oxuyun!

Yamaha və Pramac birgə təqdimat ediblər

Yamaha komandası 2022-ci ildən sonra ilk dəfə MotoGP-də 4 motosikletə sahib olacaq.

Kokpit.az bildirir ki, Yamaha və Pramac 2025-ci il motosikletini Malaziyada ortaq bir tədbirdə təqdim edib. Sepanq trasında keçirilən Shakedown tədbirindən sonra motosikletlər Kuala Lumpurda W otelində icitmaiyyətə nümayiş etdirilib. Təqdimatın arxa planında isə əfsanəvi Petronas Qüllələri olub.

Yamaha komandası mavi-qara rəng çalarına yenə də sadiq qalıb. Pramac-ın rəng çaları isə tamamilə dəyişib. İtalyan komandası keçən ilin sonunda Ducati ilə 20 illik tərəfdaşlığa son verəndən sonra bu il yeni tərəfdaşı Alpine-nin rəngləri ilə Prima-nın rənglərini sintez edib.

Bu tərəfdaşlıq son illərdə çətin dövrlərini yaşayan Yamaha üçün bir üstünlükdür. Yaponiyalı istehsalçı 2023-cü ildə RNF-in Aprilia ilə anlşaşmasından sonra (indiki adı ilə Trackhouse) peyk komandası olmadan mübarizə aparırdı.

Bundan başqa 2021-ci ilin Dünya Çempionu Fabio Kuartararo Yamaha ilə yeni müqavilə imzalayanda şərt qoymuşdu – Yamaha peletonda 4 motosiklet ilə mübarizə aparmalıdır. Fransalı sürücünün komanda yoldaşı isə Aleks Rins olacaq.

Yamaha peyk komandası olan Pramac-a baza komandası ilə eyni motosikletləri verəcək. Pramac-ın sürücüləri isə Migel Oliveyra və Cek Miller olacaq.

Pramac Yamaha-nın yenidən zirvəyə yüksəlməsində önəmli rol oynaya bilər. Yamaha keçən il Komandalar Çempionatında yalnız Honda-nı qabaqlayaraq, dördüncü yeri turmuşdu.

Bundan başqa Pramac keçən il Ducati ilə komandalar çempionatını qazanmışdı. İtalyanların sürücüsü Xorxe Martin isə Sürücülər Çempionatının qalibi olmuşdu.

Rauf Hacıyev

Şərh əlavə et