Xəbəri Kokpitdə Oxuyun!

Honda 2025-ci il motosikletini təqdim edib

Honda uzun illərdən sonra Repsol-la yolarını bu mövsüm ayırıb və buna görə də rəng çalarında dəyişiklik edib.

Kokpit.az bildirir ki, komandanın heyəti – 2020-ci ilin Dünya Çempionu Xoan Mir və Luka Marini – keçənilki kimi qalıb. Onlar bu il Honda Racing Corporation-un (HRC) qırmızı, ağ və mavi qurumsal rəngli Honda RC213V-si ilə yarışacaqlar.

Yeni rəng çaları bu gün Cakartada təşkil edilən təqdimatda ictimaiyyətə göstərilib. Honda bu şirkəti təqdimatda bildirib ki, bu yeni dövrün başlanğıcıdır.

Yaponiyalı istehsalçı tədbirdə Castrol-u yeni sponsoru kimi təqdim edib. Castrol şirkəti bu ildən etibarən Repsol-u əvəz edəcək. Komanda 2025-ci ildə Honda HRC Castrol adı ilə yarışacaq.

Castrol 2016-cı ildən bəri Honda-nın peyk komandası LCR-nin əsas ortaqlarından biridir. Honda ilə Castrol-un tərəfdaşlığı 1959-cu ildən başlayıb.

Xatırladaq ki, Honda 30 il Repsol-un titul sponsorluğu ilə yarışırdı və narıncı rəng çaları motosiklet yarışlarının ən əfsanəvi görünümlərindən biri idi. Bu rəng çaları ilə Mik Duhən, Aleks Krivil, Valentino Rossi, Niki Heyden, Keysi Stoner və Mark Markes çempionluqlar qazanmışdılar.

Ancaq son illərdə Honda-nın zəifləməsi və Mark Markesin ayrılması ilə Repsol 2024-cü ildə maliyyə qatqısını azaltmışdı. Buna görə də Honda 2024-cü ildə narıncı rəng tonunu azaltmışdı. Sonda tərəflər 2024-cü ilin sonunda yollarını ayırmışdılar.

MotoGP-nin ən uğurlu istehsalçısı olan Honda bu il pis günləri geridə qoymaq istəyir. Bunun üçün də onlar yeni imtiyaz sistemindən istifadə edəcəklər. Honda və Yamaha bu sistemlə 2025-ci ildə rəqiblərinə nisbətən daha çox test edə biləcəklər. Bundan başqa Honda daha çox texniki yeniləmə və motor təkmilləşdirmə üstünlüyünə sahibdir.

Komanda keçən il çox pis çıxış etmişdi. Xoan Mir mövsümü 21-ci, Luka Marini isə 22-ci yerdə bitirmişdi. İtalyan sürücü tam mövsüm yarışan sürücülər arasında axırıncı yeri tutmuşdu.

Rauf Hacıyev

Şərh əlavə et