Xəbəri Kokpitdə Oxuyun!

Dovitsiozo Yamaha ilə testə çıxacaq

Yamaha komandası Malayziyada Sepang testində Andrea Dovitsiozonun təcrübəsindən faydalanacaq.

Yamaha komandası bu həftə Sepang trasında keçiriləcək mövsümöncəsi shakedown testində dörd sürücü ilə iştirak edəcək. MotoGP-də 15 dəfə yarış qazanmış Andrea Dovitsioso da bu heyətə daxil ediləcək və Yamaha-nın inkişaf prosesinə dəstək verəcək.

MotoGP-nin imtiyazlı istehsalçıları Yamaha və Honda 31 yanvar-2 fevralda Malayziyada debütant sürücülər Ai Ogura, Somkiat Çantra və Fermin Aldequer ilə birlikdə  mövsümün ilk testlərində iştirak edəcəklər.

Testlərdə Fabio Kuartararo, Aleks Rins və yeni test pilotu Avqusto Fernandesin iştirak edəcəyi daha əvvəl açıqlanmışdı. Bununla belə yaponlar Dovitsiozonu komandaya əlavə ediblər və yarışlar qazanmış sürücünün təcrübəsindən yararlanaraq  motosikletin inkişaf prosesini sürətləndirməyi hədəfləyirlər.

Dovitsiozo  Mark Markeslə apardığı çempionluq mübarizələri və Ducati-dəki illəri ilə tanınır. Bununla belə o, 2021-2022-ci il mövsümlərində Yamaha-nın Petronas SRT komandası ilə 19 yarışa çıxıb.  Təqaüdə çıxdıqdan sonra yapon istehsalçısı ilə işləməyə davam edən italiyalı sürücü Yamaha-nın yeni V4 mühərrikinin hazırlanmasında mühüm rol oynayır.

Aleks Rins keçən ilin dekabr ayında verdiyi müsahibədə bildirmişdi ki, Yamaha-nın yeni V4 mühərrikini test etməyi planlaşdırdırır. Lakin istehsal prosesi tamamlanmadığı üçün bu test təxirə salınıb. Dovitsiozonun Sepang testində iştirakı Yamaha-nın uzun müddət gizli saxladığı bu mühərriki ilk dəfə trasa çıxarmaq  ehtimalını gücləndirir.

Bununla belə, Yamaha V4 mühərrikinin ən tez 2025-ci il mövsümünün ikinci yarısında yarışa hazır olmasını gözləyir. MotoGP-də hələ də daxili dörd silindrli mühərrikdən istifadə edən yeganə istehsalçı olan Yamaha, rəqabət qabiliyyətini artırmaq üçün rəqibləri kimi ‘V’ konfiqurasiyasına keçməyi hədəfləyir.

Rauf Hacıyev

Şərh əlavə et