Xəbəri Kokpitdə Oxuyun!

Williams Oliver Törvini transfer edib

Williams komandası Oliver Törvini test və developer sürücü kimi transfer edib.

Kokpit.az bildirir ki, britaniyalı sürücü 15 il idi ki, McLaren komandasında bənzər işdə işləyirdi. O, bu müddət ərzində Vokinq mərkəzli komanda ilə çoxlu testlərə qatılmışdı.

Oliver avtoidmandakı karyerasından başqa Kembric Universitetində mühəndislik təhsili alıb. Bu təhsilin hesabına o, Formula 1, Formula E və dözümlülük yarışlarında hamının istədiyi bir adam olub.

Törvi indi də Williams komandasının simulyatorunun inkişafı üçün işləyəcək və komandanın 2026-cı ildəki reqlament üçün inkişafına kömək edəcək.

Oliver Törvi: “Williams-a gəldiyim üçün çox sevincliyəm. Belə tarixi və uğurlu komandaya gəlmək mənim üçün böyük şərəfdir.

Bu layihədə gördüyüm qərarlılıq mənə ilham verdi. Komandanı zirvəyə daşımaq üçün önümüzdə çətin vəzifə var və bu məni həyəcanlandırır.

Aleks və Karlos Formula 1-in ən yaxşı pilotlarındandırlar. Onlarla işləməkdən qürur duyuram. Həm sürücü, həm də mühəndislik təcrübəmlə maşının simulyatordakı performansını artırmağa çalışacağam”.

Williams komandasının idman direktoru Sven Smits isə bunları deyib: “Oliveri transfer etdiyimiz üçün çox sevincliyik. Onun təcrübəsi və mütəxəssisliyo hesabına inkişaf edəcəyik.

Test və developer sürücünün rolu uğur üçün vacib məqamdır. Oliver komandada Herrison Skott ilə işləyəcək və gələcəkdəki maşınları təkmilləşdirmək üçün güclü tərəfdaşlıq quracaqlar”.

Rauf Hacıyev

Şərh əlavə et