Kokpit.az bildirir ki, Qomes McLaren-in aerodinamik şöbəsində möhtəşəm işlər görsə də, iki həftə əvvəl Britaniya komandasından ayrılacağını açıqlamışdı. Lakin hara gedəcəyini deməmişdi.
Artıq bu müəmma sona çatır: İspaniyalı mühəndis Sauber ilə müqavilə bağlayıb və o, Audi-də baş aerodinamik konstruktor olacaq.
Pedro Qomes: “Bu gün Audi Formula 1 komandasında işləyəcəyimi sizə bildirdiyim üçün çox sevincliyəm.
Bu, həyəcanlı, çətin və çox işləməyi tələb edən proses olacaq, amma eyni zamanda əylənəcəyik və bu işdən həzz alacağıq”.
Qomes artıq Audi komandasının İsveçrədəki bazasına gedib. Bu bazanı Mattia Binotto idarə edir.
İspaniyalı mühəndis bazadakı ilk iş günündən sonra çox təsirlənib: “Bu günə qədər gördüklərim mənə çox təsir etdi. Amma mənə ən çox təsir edən şey gələcəkdəki yeniliklər və komandadakı inkişaf oldu. Komandanın sadiqliyi və birliyi çox təsiredicidir”.
Pedro Qomes McLaren komandasında 15 il işləyib və çoxlu vacib layihəyə imza atıb. “Narıncılar”ın 2024-cü ildə qazandığı Mühəndislər Kuboku isə onun karyerasının zirvəsi olub. Pedro Qomes ayrılıq qərarını bu sözlərlə ifadə edib: “2010-cu ildə həyat yoldaşımla birlikdə İspaniyadan İngiltərəyə köçmək qərarı almışdıq. Bu da iki uşağımızı ailəmizdən və dostlarımızdan uzaqlaşdırmaq demək idi. Amma bu qərara görə heç vaxt peşman olmadıq. Bu proses çox çətin idi. Enişıər, yoxuşlar, çox işləmək lazım idi. Amma bu çətinliklərə dəydi”.
Qeyd edək ki, Pedro Qomes təkcə McLaren-də işləməyib. O, 2007-2008-ci illərdə Ferrari komandasında işləyib.
Şərh əlavə et