Kokpit.az bikdirir ki, Lyuis Həmiltonun bu il Formula 1-də bir hədəfi var: Ferrari ilə səkkizinci dəfə dünya çempionu olmaq.
Ferrari-yə qoşulmaq üçün Mercedes-dən ayrılacağını elan etdikdən təxminən 12 ay sonra Hamilton yeni işinə başlayıb. Yeddiqat Dünya Çempionu həftənin birinci günü komandanın Maranellodakı bazasına gəlib. Burada komandanın heyəti ilə görüşüb, simulyatordan istifadə edib və bir neçə avtoqraf imzalayıb.
Görüşlərlə dolu bir çərşənbə axşamından sonra, əsl iş çərşənbə günü başlayıb və Hamilton SF-23 ilə Fyorano trasında dövrələr vurub. Dumanlı hava şəraitində Ferrari-nin Formula 1 bolidində Lyuisin ilk sürüşünü izləmək üçün minlərlə Tiffozi Fyoranoya toplaşıb. Yeddiqat dünya çempionu Ferrari F1 avtomobili ilə ilk dövrəsində pərəstişkarlarını əl yelləyərək salamlayıb.
Lyuis Həmilton Fyoranoda yüngül yağışlı hava şəraitində 10 dövrəlik seqmentlərdə dövrə vurub və bir neçə test edib. Bildirilib ki, 40 yaşlı sürücü test zamanı ümumilikdə təxminən 30 dövrə vurub.
Sürüşünü başa vurduqdan sonra Həmilton bazar ertəsindən ona böyük maraq göstərən Ferrari-nin sadiq fanatı Tifozzi ilə görüşmək üçün tamaşaçıların olduğu ərazilərə gedib.
Sky F1 kanalının şərhçisi Kreyq Sleyter bildirib ki, Lyuis Həmiltonun ailəsi də bu anı izləmək üçün Fyoranoda olublar: “Bu gün Lyuis Həmilton üçün əsl ailə günüdür. Atası Əntoni, ögey anası Linda və əsl anası Karmen də buradadır. Buna görə də Lyuis üçün emosional gündür.
Ancaq komandanın rəhbəri Frederik Vassyör emosiaların bir dövrəlik olmasını istəyir, çünki bu proses tamamilə işlə əlaqəlidir. Lyuis karyerasının son dövrlərində olsa da, ciddi iş üçün bura gəlib”.
Qeyd edək ki, Ferrari son dəfə 2007-ci ildə Sürücülər Çempionatını, 2008-ci ildə isə Mühəndislər Kubokunu qazanıb. Ondan sonra Alonso və Fettel çempionluğa yaxın olsa da, sonda alınmayıb. Həmiltonun əsas məqsədlərindən biri də Ferrari-nin uğursuz seriyasına son qoymaqdır. Əgər bunu bacarsa, həm “qırmızılar”ın həsrətinə son qoyacaq, həm də 8-ci dəfə Dünya Çempionu olaraq Formula 1 tarixinin ən titullu sürücüsü statusunu qazanacaq.
Şərh əlavə et