Kokpit.az bildirir ki, Aprilia-nın peyk komandası olan Trackhouse ABŞ-da təşkil edilən xüsusi tədbirdə Aprilia RS-GP motosikletini təqdim edib.
Komanda 2024-cü il mövsümünün ikinci hissəsində istifadə etdiyi rəng çalarından imtina edib və mavi rəngin üstünlük təşkil etdiyi rəng çalarına keçib.
Trackhouse qış aylarında boş dayanmayıb və Gulf Oil ilə yeni müqavilə bağlayaraq, sponsorlarını artırıb.
Amerika təmsilçisi 2025-ci il mövsümünə yenilənmiş sürücü heyəti ilə başlayacaq. Pramac komandasına gedən Migel Oliveyranı Moto2 üzrə son Dünya Çempionu Ai Oqura əvəz edəcək. Yaponiyalı sürücünün komanda yoldaşı isə Raul Fernandes olacaq.
Xatırladaq ki, Trackhouse 2023-cü ilin sonlarında böhranda olan RNF Racing-i almış, 2024-cü ildə isə mövsümü 9-cu yerdə tamamlamışdı.
Migel Oliveyra keçən il 5 yarışda iştirak etməsə də, 75 xal toplayaraq 15-ci yeri tutmuşdu. Raul Fernandes isə mövsümü 16-cı yerdə bağlamışdı.
Trackhouse komandasının 2024-cü ildəki ən yaxşı nəticəsi Kataloniya yarışında olmuşdu. Raul Fernandes köhnə versiya Aprilia motosikleti ilə yarışı 6-cı yerdə bitirmişdi. İspaniyalı pilot avqust ayındakı Britaniya Qran Prisinə qədər yeni RS-GP-yə qovuşa bilməmişdi.
Şərh əlavə et