Kokpit.az xatırladır ki, 2020-ci ildə Corc Floydun ölümündən sonra Lyuis Həmilton irqçiliyə qarşı mübarizəyə başlamış və buna görə də Mercedes komandası bolidini gümüşü rəngdən qara rəngə boyamışdı. Yeddiqat Dünya Çempionu Mercedes-in yeni rəng çalarını Qara Şimşək adlandırmışdı.
Lakin Lyuis Həmilton bu ildən etibarən Ferrari-də yarışacaq. Buna baxmayaraq Mercedes komandası bu il də qara rəng çaları ilə yarışacaq.
Britaniyalı pilotun yeni komandası Ferrari isə bu il rəng çalarında dəyişikliyə getməyi planlaşdırır. İtaliya mətbuatının verdiyi xəbərə görə Ferrari-nin builki bolidi əvvəlki illərə nisbətən tünd qırmızı rəngdə olacaq.
Bu dəyişiklik “qırmızılar”ın keçmişini də xatırladacaq. Belə ki, Ferrari 1997-ci ilə qədər daha tünd qırmızı rənglə yarışırdı. Ancaq Marlboro-nun sponsorluğuna görə şirkətin rəngləri ilə uyğunluq olsun deyə daha açıq qırmızı rəngə keçmişdi.
Ferrari 2020-ci ildə Mugello trasında 1000-ci yarışına çıxmış və tünd qırmızı rənglə yarışmışdı. Ancaq 2025-ci il maşınının belə tünd qırmızı olması gözlənilmir.
Son illərdə Formula 1 bolidlərində boyasız karbon sahələr görürdük. Bunun əsas səbəbi bolidin çəkisini azaltmaq üçün boyadan istifadə etməmək idi. Əksər komandalar 798 kiloqramlıq minimum ağırlığa yaxınlaşmaqda çətinlik çəkirdilər.
Məsələn, Red Bull komandası 2023-cü ilin Sinqapur Qran Prisində xüsusi rəng çalarından istifadə etməmişdi. Bunun səbəbi əlavə boyanın bolidi 1 kiloqram ağırlaşdırması idi. Bu kiçik ağırlıq fərqi belə dövrəvi nəticələrə təsir edir. Ancaq 2025-ci il hazırkı texniki reqlamentin son mövsümü olduğu üçün komandaların daha az çəki problemi yaşamaları güman olunur.
Şərh əlavə et