Xəbəri Kokpitdə Oxuyun!

Antonelli yeni testə hazırlaşır

Mercedes komandasının debütant pilotu Kimi Antonelli test üçün bu həftə Xeres trasında sükan arxasına keçəcək.

Kokpit.az xatırladır ki, Xeres trasında çərşənbə və cümə axşamı günləri Haas komandasının 3 pilotu 2023-cü il bolidi VF-23-ü sürəcəklər. Ancaq elə eyni günlərdə Mercedes də vacib bir test proqramı ilə Xeresdə olacaq. “Gümüşü oxlar” debütant pilotları Kimi Andrea Antonelli üçün xüsusi test proqramı hazırlayıb.

İtalyan sürücü 2020-ci il bolidi W11-in sükanı arxasına keçəcək. Bu seçim məntiqsiz görünə bilər, çünki W11 əvvəlki texniki reqlamentə görə yığılmış boliddir. Ancaq Mercedes-in bu qərarı “Əvvəlki Maşınlarla Test” qaydalarını aşmaq üçün ağıllı addımdır.

2025-ci il mövsümündən etibarən komandalar əvvəlki illərdəki maşınlarla testlərdə yalnız bir maşından istifadə edə bilər. Test günü səhər saat 9-dan başlayır və axşam 19:00-a qədər davam edir. Bundan başqa komandalar il ərzində 20 test günü təşkil edə bilərlər və bu testlərdə maksimum 1000 kilometr məsafə qət etmək haqları var. Bu limit yalnız 2021, 2022 və 2023-cü illərin bolidlərinə aiddir.

Mercedes bu məhdudiyyətlərdən təsirlənməmək üçün Antonelli ilə 2020-ci ilin bolidində test edəcək. Beləliklə, italyan sürücü məhdudiyyətsiz formada dövrələr vuraraq, yarış tempində işləməyi rahatlıqla öyrənəcək. Bu strategiya Antonellinin ilk mövsümünə hazırlanması üçün çox məntiqlidir. Bundan başqa Mercedes Antonelliyə 2023-cü il maşını ilə də test fürsəti verəcək.

Rauf Hacıyev

Şərh əlavə et