Kokpit.az bildirir ki, Red Bull-un hazırkı Bedford bazasının yaşı 70-dən çoxdur. Komandanın rəhbəri Kristian Horner oraya “Soyuq Müharibənin qalığı” deyir. Avstriya təmsilçisi bu köhnə tikilini davamlı təkmilləşdirsə də, uzunmüddətli layihələr üçün yenə də yetərsizdir.
Formula 1 komandaları aerodinamik boru kimi vacib bazalara böyük sərmayələr qoyurlar. Məsələn, McLaren uzun illər Toyota-nın Kölndəki aerodinamik borusundan istifadə etsə də, 2023-cü ilin yayından etibarən öz müasir bazasına qovuşub. Elə Aston Martin komandası da Silverstoundakı yeni bazasında müasir aerodinamik boru inşa edib.
Red Bull komandası isə yeni aerodinamik borunu Milton Kinsdəki bazada inşa edir. Texniki direktor Pyer Vaşe bildirib ki, layihənin tikintisi 3 ay qabaqdadır.
Pyer Vaşe: “İnşaat prosesində və daha sonra yeni makinaların təslimatında gecikmələr ola bilər, ancaq biz hazırda plandan qabaqdayıq. Komanda çox yaxşı işləyir”.
Yeni aerodinamik borunun 2026-cı ildə işə düşməsi gözlənilir. Bu da Red Bull-a 2027-ci il maşını üçün üstünlük qazandıra bilər.
Pyer Vaşe: “Bu bizə 2026-cı ilin ikinci hissəsində belə kömək edə bilər. Bu idmanın ən köhbə aerodinamik borusunu istifadə edirik. Hətta Yos Ferstappenlə danışdıq. Mənə dedi ki, bu aerodinamik borudan Arrows komandasında yarışarkən istifadə ediblər. Köhnə boru olsa da, içinə çoxlu yeni avadanlıq əlavə etmişik.
İçində yeniliklır çox olsa da, məhdudiyyətlər də çoxdur. Bu məhdudiyyətləri bilirik və bunların ətrafında işləyirik. Amma böyük delta axtararkən bu çətin olur.
Yeni tunelə sərmayə qoymağımızın səbəbi hazırkı modeldə sahib olmadığımız bir üstünlüyü əldə etməkdir”.
Şərh əlavə et