Xəbəri Kokpitdə Oxuyun!

FİA-nın ön qanadlara münasibəti dəyişməyəcək

Keçən mövsüm ərzində FIA, Red Bull Racing və Ferrari-dən müraciətlər almışdı. Onlar McLaren və Mercedes komandalarının avtomobillərindəki şübhəli elastik ön qanadlarla bağlı federasiyanın mövqeyini aydınlaşdırmağı xahiş etmişdilər.

FIA-nın biryerlik maşınlar üzrə yarış direktoru Nikola Tombazis həmin vaxt federasiyanın bu məsələyə ən tez 2025-ci ildə reaksiya verəcəyini bildirmişdi. Amma indi məlum olub ki, FIA ön qanadların elastikliyinin test edilməsi şərtlərini dəyişməyi, yəni daha sərt tələblər tətbiq etməyi planlaşdırmır.

“Biz gördüklərimizdən tam razıyıq. Amma dərhal qeyd etməliyəm ki, məsələ hər zaman bizim razı olub-olmamağımızla bağlı deyil. Söhbət həm də məntiqli testlər aparmağın mümkün olub-olmamasından gedir”, – F1i.com Tombazisdən sitat gətirir. – “Müəyyən bir nöqtədə, trasa görə avtomobildən avtomobilə ön qanadın üzərinə düşən yük digər hissələrlə müqayisədə daha əhəmiyyətli dərəcədə dəyişə bilər və bu, sadəcə, çətinliklərdən biridir.

Testlərin əksəriyyəti zamanı müəyyən bir istiqamətdə müəyyən bir dərəcədə yük tətbiq edilir və qanadın deformasiyaya uğramaması tələb olunur. Ən effektiv testlər bu yükün real həyatda baş verənləri mümkün qədər təkrarlamasını təmin edir. Amma maşınlar arasındakı fərqlər səbəbindən ön qanadla bağlı vəziyyət olduqca çətin bir vəzifədir”.

FIA texniki reqlament pozuntuları aşkar etmədiyi üçün növbəti mövsümdə ön qanadların elastikliyinin testləri ilə bağlı tələblər dəyişdirilməyəcək.

“Əlbəttə ki, yay dövründə və payızın əvvəlində bu məsələ ətrafında ciddi müzakirələr oldu”, – Tombazis əlavə edib. – “Amma biz artıq 2022-ci ildən bəri açıq şəkildə bildirmişdik ki, ön qanadlar üçün heç bir əlavə test tətbiq etməyi planlaşdırmırıq və hələ də bu mövqeyimizə sadiq qalırıq”.

Elçin Zodorov

Şərh əlavə et