Kokpit.az bildirir ki, Ferrari qış tətilinə baxmayaraq, işləməyə davam edir. “Qırmızılar”ın rəhbəri Frederik Vassyör bir neçə gün öncə bildirmişdi ki, yeni maşınları keçənilki SF-24-dən 99 faiz fərqlənəcək.
Ferrari barədə çox vaxt doğru xəbərlər yayan La Gazzetta dello Sport nəşri də bu iddiaları təsdiqləyən xəbər paylaşıb.
2025-ci ildə Şarl Leklerlə Lyuis Həmiltonun sürəcəyi maşın SF-24-ün təkmilləşmiş versiyası kimi dəyərləndirilə bilməz.
Komandanın rəhbəri Frederik Vassyör bu barədə belə danışmışdı: “Bu reqlament ilə dördüncü mövsümə başlayırıq. Əvvəlki layihəmizi çox yaxşı tanıyırıq. Buna görə də 2025-ci il maşını tamamilə yeni olacaq.
Yeni bolidin 99 faizi fərqli olacaq. Hazırkı maşından 1 faizini gələnilki maşına daşıyacağıq”.
Bu fikri komandaya oktyabrın 1-dən qoşulan texniki direktor Loik Serra başda olmaqla bütün mühəndislər dəstəkləyir. Lakin bu dəyişiklikləri kənardan baxarkən hiss etməyə bilərik.
Dəyişikliklərin əksəriyyəti bolidin görünməyən yerlərində olacaq. Ən köklü dəyişikliklərin bolidin asılqan sistemində olacağı gözlənilir.
Layihə 677 adı ilə yığılan maşında itələmə çubuğundan (push rod) imtina edilib və yerinə çəkmə çubuğu (pull rod) tipli asılqan qoyulacaq. Buna görə də bolidin ön tərəfində hərtərəfli dəyişikliklər ediləcək. Asılqanın tərkibindəki funksiyalar fərqli formada yığılacaq.
Ferrari-nin bu dəyişikliyi etməkdə əsas məqsədi yalnız aerodinamik faydanı artırmaq deyil. Eyni zamanda bolidin ön təkərlərinə lazımi ağırlıq və asfaltla ilişmə verə bilməmə problemini həll etməkdir.
2024-cü ildə Ferrari ön tərəfdə asfaltayatma qüvvəsini artırmaq üçün altlıqda dəyişiklik etmişdi. Ancaq bundan sonra sıralanma turunda təkərləri qızdırmaqda çətinlik çəkirdilər.
Yeni asılqan sistemi daha sərt və daha dözümlü quruluşu ilə fərqlənir. Bundan başqa bolid yüksəkliyinin daha geniş sazlanma aralığında işləməsinə imkan verir. Belə olan halda bolid fərqli traslara daha tez uyğunlaşırlar.
Yeni bolidin saydpodu 10 santimetr geriyə sürüşdürülüb. Beləliklə ön təkərlərin arxasında əmələ gələn türbülanslı hava axışı soyutma sisteminə daha az ehtimalla təsir edəcək.
Saydpodun yuxarı hissəsi daha əyri formada yığılıb. Komanda bu dəyişiklik hesabına hava axımını yaxşılaşdırmağı və aerodinamik performanaı artırmağı hədəfləyir.
Yeni maşının altlığında da vacib dəyişikliklər var. İtalyan mətbuatının verdiyi xəbərə görə bu altlığın dizaynı Leklerin Qətərdəki testlərdə sınadığı konseptdən ilhamlanıb.
Xüsusilə də yeni modeldə Venturi tunellərinin həcminin daha böyük olması planlaşdırılır. Bu dizayn dəyişikliyi ilə aerodimamik yükün daha balanslı paylanması təmin edilir və bolidin asfaltla ilişməsi artırılır. Eyni zamanda təzyiq mərkəzinin daha yaxşı olmasına imkan verəcək.
Ümumilikdə isə Layihə 677-dəki yeniliklərin əsas səbəbi fərqli traslarda və müxtəlif hava şəraitində ən yaxşı performansı almaqdır. Ferrari 2025-ci ildə həm texniki, həm də strateji cəhətdən daha güclü qayıtmağı hədəfləyir.
Şərh əlavə et