Xəbəri Kokpitdə Oxuyun!

Montoya Şumaxerə paxıllıq edib

Sabiq Formula 1 pilotu Xuan Pablo Montoya bildirib ki, Mixael Şumaxer onun üçün həmişə çətin rəqib olub və onlar heç vaxt dostlaşmayıblar.

Kokpit.az xatırladır ki, kolumbiyalı sürücü Formula 1-də 2001-ci ildə Williams komandası ilə debüt etmiş və aqressiv sürüş tərzi ilə diqqətləri cəlb etmişdi. O, karyerası ərzində yeddi yarış qazanmış və Mixael Şumaxerlə apardığı mübarizəyə görə yaddaşlarda qalmışdı.

Xuan Pablo Montoya: “Mixael Şumaxer çox çətin rəqib idi. Doğrudan da onu məğlub etmək qəliz məsələ idi. Hamı ona böyük hörmət bəsləyirdi və bu da məni dəli edirdi.

Elə bil heç kim onunla yarışmaq istəmirdi. Hamı “sən Mixaelsən. Əlbəttə, məni keçməlisən” düşüncəsi ilə ona yanaşırdı. Mən isə “cəhənnəm ol, sənə bir santimetr də olsa, boşluq buraxmayacağam” deyə düşünürdüm.

Bir-birimizlə çox danışmazdıq. Həmişə bir-birimizlə mübarizə aparmaqdan çəkinməzdik. O mənimlə mübarizə aparmaqdan çəkinmirdi, mən də onunla. Doğrudan da çox əyləncəli idi.

O da, mən də çox qəddar idik. Məncə, Formula 1-də dostluq olmaz. Sonrakı yarışda lazım olsa, trasdan çıxaracağınız adamla necə dost ola bilərsiniz?

Belə deyim. Əgər Lyuis Həmilton olsaydı, Maks Ferstappen onu heç düşünmədən trasdan çıxarardı. Amma Lando Norrisə eynisini edərdi? Yox. Çünki o dostdur və ona hörmət edirsən. Birini dost kimi görəndə ona qarşı mübarizə aparmaq çətin olur”.

Rauf Hacıyev

Şərh əlavə et