Xəbəri Kokpitdə Oxuyun!

Massa: Bortoleto Maksı xatırladır

Sabiq Formula 1 pilotu Felipe Massa yerlisi Qabriel Bortoletoya təriflər yağdırıb.

Kokpit.az xatırladır ki, Formula 1-də yarışmış son braziliyalı pilot Felipe Massa (2017-ci il) olub. Buna görə də “sambaçılar” uzun illər idi ki, Formula 1-də yerli pilot həsrətində idilər.

Gələn il həsrət sona çatır. Sauber komandası gələn il üçün Qabriel Bortoletonu transfer edib. Gənc Qabriel bu il Formula 2-də debüt mövsümündə Dünya Çempionu olaraq diqqətləri üzərinə cəmləyə bilib. Yekunda Audi şirkəti onu öz Formula 1 layihəsində görməyə qərar verib. 20 yaşlı sürücü gələn il təcrübəli Niko Hülkenberqlə komanda yoldaşı olacaq.

Formula 1 üzrə 2008-ci il mövsümünün vitse çempionu Felipe Massa yerlisini dördqat Dünya Çempionu Maks Ferstappenə bənzədir. “Qabriel doğrudan da çox sürətli və istedadlı pilotdur. Trasda əla işlər görür. Xüsusən də ötmə etmək istedadı mənə çox həzz verir. Digər sürücülərdən daha aqressivdir və inanılmaz performans göstərir.

Təbii ki, bəzi səhvlər etdi, ancaq belə aqressiv və sürətli sürüş stili ilə bu labüddür. Daha əvvəl Maks Ferstappendə də belə hallar görmüşdük”.

Rauf Hacıyev

Şərh əlavə et