Xəbəri Kokpitdə Oxuyun!

F.Briatore: Alonsonu Williams da istəyirdi

Fernando Alonsonun meneceri Flavio Briatore bildirib ki, 2023-cü ildə Aston Martin-dən əvvəl Williams komandası ispaniyalı sürücünü transfer etmək istəyib.

Kokpit.az xatırladır ki, Fernando Alonso 2022-ci ilin sonunda Alpine komandasından ayrılmış və Aston Martin-ə keçmişdi.

İspaniyalı sürücü Alpine-dən yaxşı formada ayrılmamışdı. İkiqat Dünya Çempionu 2022-ci il mövsümünün ilk yarısında fransız komandası ilə müqaviləni artırmaq istəyirdi. Lakin o vaxtkı rəhbər Loren Rossi birdən ortadan itmişdi.

Belə olan halda Alonso Aston Martin-lə danışıqlara başlamışdı. Lakin gözlənilmədən başqa bir təklif də gəlmişdi. Williams komandasının ovaxtkı rəhbəri Yost Kapito ispaniyalı pilotla işləmək istəyirdi. Ancaq Briatore Williams-ın o vaxtkı vəziyyətinə görə bu təklifi rədd etmişdi.

2022-ci ildə Sebastyan Fettel təqaüdə çıxacağını açıqladıqdan dörd gün sonra isə Alonsonun Aston Martin-ə keçidi təsdiqlənmişdi.

O dövrlər Alpine Sürücü Akademiyasının yetirməsi olan Oskar Piastri McLaren-ə keçmiş və fransız komandası çox çətin vəziyyətdə qalmışdı. Belə olan halda Alpine Pyer Qaslini transfer etmişdi.

Flavio Briatore əvvəlcə Alpine komandasına dönüşü barədə danışıb: “Əvvəl məqsədim bir az kömək etmək idi. Əmin deyildim, çünki Formula 1-də çox şey dəyişib.

Alpine Fernando Alonso və Oskar Piastri kimi iki pilotu bir yay ərzində birdən itirdi. Bunu etmək xüsusi bacarıq istəyir.

Əslində Fernando qalmaq istəyirdi, çünki komanda bir mövsüm əvvəl o qədər də pis deyildi. Kanadada müqaviləni uzatmaq istəyirdik.

Sonra Loren Rossi birdən itdi və ondan xəbər ala bilmədik. O andan etibarən Aston Martin-in rəhbəri Lourens Stroll ilə danışıqlara başladım.

Williams belə bizə təklif göndərdi. Amma onlara dedim ki, əvvəlcə komandadakı vəziyyəti düzəldin. Sonda Aston Martin ilə müqavilə bağladıq, çünki Alpine-in rəhbərliyindən səs-soraq çıxmadı”.

Rauf Hacıyev

Şərh əlavə et