Xəbəri Kokpitdə Oxuyun!

Bottas Cadillac-la danışıqlara başlayıb

Bəzi iddialara görə Valtteri Botttas 2026-cı ildə Cadillac-da yarışmaq üçün çoxdan danışıqlara başlayıb.

Kokpit.az xatırladır ki, Cadillac 2026-cı ildə Formula 1-də debüt edəcək. Buna görə də amerikan təmsilçisi sürücü heyətini müəyyən etməyə çalışır.

2025-ci ildə peletona 5 yeni sürücü gələcək. Buna görə də bəzi təcrübəli sürücülər komandasız qalıblar. Valtteri Bottas, Serxio Peres, Kevin Maqnussen və Daniel Rikkardo bu sürücülərin arasındadır. Bu pilotlardan bəziləri artıq Formula 1 dəftərini bağlasa da, Valtteri Bottas Formula 1-ə qayıtmaq üçün Mercedes komandasına ehtiyat pilot kimi işə düzəlib.

Formula 1-in müxbiri Lourens Barretto bildirib ki, Cadillac F1 komandasının rəhbəri Qrim Loudon indidən Valtteri Bottasla danışıqlara başlayıb.

Valtteri Bottas da bu barədə fikirlərini bildirib: “Qrimi uzun illərdir ki, tanıyıram. Onların təcrübəyə ehtiyacları olacağını düşünürəm, çünki görüləcək işləri çoxdur. Bu da mənim üçün bir fürsətdir.

Karyeramın bu mərhələsində idmanımız üçün çox şey edə bilərəm. Sıfırdan başlamaq doğrudan da çox maraqlı olacaq. Əgər hər şey düzgün edilsə və bir yerdə hədəflərimizə çatsaq, bu gözəl olacaq”.

Qeyd edək ki, Cadillac-ın 2026-cı il üçün çox seçimi var. Komandanın məsləhətçisi Mario Andretti təcrübəli sürücünün yanına gənc amerikan gətirmək istədiklərini deyib. Amerikan sürücülər arasında ən əsas namizəd Kolton Hertadır.

Rauf Hacıyev

Şərh əlavə et