Xəbəri Kokpitdə Oxuyun!

Aston Martin Den Fellovsu F1-dən uzaqlaşdırıb

Aston Martin komandası Enriko Kardileni texniki direktor təyin edib. Den Fellovs isə avtomotiv şöbəyə keçirilib.

Kokpit.az bildirir ki, 2026-cı ildə çempionluq uğrunda mübarizə aparmaq istəyən Aston Martin komandasında yenidənqurma işləri gedir. Yeni baza, aerodinamik boru düzəldən komanda aerodinamikanın atası Ədrian Nyuini də transfer edib. “Yaşıllar” komandanın quruluşunda da dəyişikliyə gedir.

Britaniya mətbuatının xəbərinə görə Aston Martin komandası Enriko Kardileni yanvar ayından etibarən texniki direktor təyin edəcək. Sabiq texniki direktor Den Fellovs isə Formula 1 şöbəsindən ayrılaraq brendin avtomotiv şöbəsinə keçəcək.

Kardile komandanın aerodinamika, şassi və mexanika şöbələrini idarə edəcək və yaxın zamanda baş texniki məsul vəzifəsinə keçəcək Ədrian Nyuiyə raport verəcək.

Aston Martin-in hazırladığı yeni aerodinamik boru isə fevral ayından etibarən açılacaq.

Den Fellovs keçmişdə Red Bull komandasında Ədrian Nyui ilə birgə işləyib. Buna görə də Den Formula 1 Dünyasında hörmətli adamlardan biridir. Lakin o, Aston Martin komandasında gözləntiləri qarşılaya bilməyib. Buna görə də onun yeri yenidən dəyərləndirilib.

Qeyd edək ki, Aston Martin 2026-cı ildən etibarən Honda mühərriklərinə keçəcək. Bu da onlara baza komadası olmaq üçün kömək edə bilər. 2026-cı ildəki yeni reqlamentin hesabına Aston Martin böyük addımlar ata bilər.

Rauf Hacıyev

Şərh əlavə et