Xəbəri Kokpitdə Oxuyun!

Red Bull niyə Lousonu seçib?

Red Bull komandasının rəhbəri Kristian Horner növbəti mövsüm üçün Liam Lousonu seçmə səbəblərini izah edib.

Kokpit.az xatırladır ki, Liam son iki mövsümdə RB komandası ilə vaxtaşırı yarışmış və göstərdiyi performansla Red Bull-da Peresi əvəz etmək üçün əsas namizədlərdən biri olmuşdu.

Sonda Red Bull komandası Serxio Peresi göndərib və onun əvəzinə yeni zelandiyalı sürücünü seçib.

Düzdür, bəziləri düşünür ki, Red Bull Liamı yox, daha təcrübəli Yuki Tsunodanı seçməli idi. Lakin Yukidən 2 yaş kiçik olan Liam növbəti mövsüm Red Bull-da məharətlərini göstərmək üçün səbirsizlənir.

Kristian Horner: “İkisinin arasında böyük rəqabət var idi. Yuki doğrudan da çox sürətli pilotdur. Üç ya da dördmövsümlük təcrübəsi var. Əbu Dabidəki təkər testlərində bizim üçün əla işlər gördü və mühəndislər onun performansından çox təsirləndilər.

Ancaq Lousonun yarış təhlillərinə baxdığımızda tempinin bir az daha yaxşı olduğunu görürük. Sıralanma turundakı tempi Yukiyə çox yaxın idi və Louson sadəcə 11 yarışa qatıldığı üçün potensialının təkmilləşəcəyinə inanırıq. Gənc olsa da, zehni cəhətdən çox güclüdür.

Əlbəttə, Yukinin növbəti mövsümdə Racing Bulls komandasında qalması əladır. Lazım olanda ondan da istifadə edəcəyik.

Liam istənilən vəziyyətdə yarışa yaxşı nəzarət edə bilir. Danielin barmağını qırdığı Zandfortdakı ilk yarışını xatırlasanız, çıxış dövrəsində Maks ilə yarışırdı. Doğrudan da çox cəsarətlidir.

DTM-də Aleks Elbonla birlikdə Ferrari GT maşınını sürdüyü ili xatırlasaq, maşına inanılmaz dərəcədə tez uyğunlaşd və üstünlük qazandı.

Ən güclü tərəflərindən biri yarış istedadıdır. Təkər-təkərə mübarizədən qorxmur. Hətta lazım olanda təkərləri toqquşdurmağa da hazırdır. Buna görə də Red Bull üçün yaxşı seçim olacağına inanıram.

Məncə, ən vacib şey Lousona çox təzyiq göstərməməkdir. O, öz dövrünün ən yaxşı pilotlarından biri olan Maksa qarşı mübarizə aparacaq. Bunu bilməli və bolidin məlumatları barədə düşünməməlidir. Tamamilə öz performansına və mühəndislərinə köklənməlidir. Əlimizdən gələn qədər ona dəstək olacağıq.

Ümid edirəm ki, onun üçün əlverişli maşın hazırlaya bilərik. Görək bir yerdə necə nəticə əldə edəcəyik.”

Rauf Hacıyev

Şərh əlavə et