Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Həcər gələn il RB-də yarışacaq

Racing Bulls komandası növbəti mövsüm üçün Yuki Tsunodanın komanda yoldaşının kim olacağına qərar verib. İtalyan komandası gələn il üçün Ayzek Həcəri transfer edib.

Gələn il Racing Bulls adı altında yarışacaq RB komandası 2024-cü il mövsümünə Daniel Rikkiardo və Yuki Tsunoda heyəti ilə başlamışdı, lakin sonra komanda Rikkardonu Liam Lousonla əvəzləmişdi.

Mövsümün sonunda Red Bull komandası Serxio Pereslə yollarını ayırdıqdan sonra onun əvəzinə ya Liam Lousonu ya da Yuki Tsunodanı transfer edəcəkdi.  Uzun təhlillər nəticəsində “qırmızı öküzlər” Lousonu əsas komandaya seçib və Tsunodanın Racing Bulls-da qalacağına qərar verilib.

Yuki Tsunodanın gələn il Racing Bulls-dakı komanda yoldaşı isə Formula 2-də mövsümü  ikinci yerdə bağlayan Red Bull-un gənc fransız istedadı Ayzek Həcər olacaq.  İtalyan komandası rəsmi açıqlamanı bu gün verib. Bununla da  Racing Bulls uzun müddətdən sonra komandaya aşağı kateqoriyadan gənc sürücü gətirmiş olacaq.

2019-cu ildə Fransanın Formula 4 seriyasında yarışmağa başlayan Həcər Spada yarış qazanmış və mövsümü yeddinci yerdə başa vurmuşdu. 2020-ci il mövsümündə o, üç yarış qələbəsi və ümumilikdə səkkiz podiumla ümumi təsnifatda üçüncü yeri tutmuşdu.

O, 2021-ci ildə Formula Regional Asiya Çempionatında yarışaraq beynəlxalq arenada təcrübə qazanıb. Elə həmin il Formula Regional Avropa Çempionatında yarışıb və debütantlar sinfində çempion olmaqla diqqətləri üzərinə cəlb edib.

2022-ci il mövsümündə Hitech Grand Prix komandası ilə FIA Formula 3 Çempionatında iştirak edən Həcər mövsümü dördüncü yerdə başa vurub.

Formula 2 karyerasına 2023-cü ildə Hitech ilə başlayan Həcər həmin mövsüm gözləntiləri qarşılaya bilməyib və mövsümü 14-cü yerdə bağlayıb. Bundan sonra o, 2024-cü il üçün Campos Racing müqavilə bağlayıb. Son yarışa qədər çempionluq uğrunda mübarizə aparan gənc sürücü sonda mövsümü ikinci yerdə başa vurub.

Gələn il Racing Bulls komandası ilə Formula 1-də debüt etməyə hazırlaşan Ayzek Həcər Helmut Markonun dəstəklədiyi pilotlardın biridir. Fransalı sürücü 2025-ci ildə peletondakı dörd debütantdan biri olacaq.

 

Rauf Hacıyev

Şərh əlavə et