Red Bull Racing komandası çərşənbə günü bildirib ki, onlar yeni mövsümdə Serxio Pereslə yarışmayacaqlar. Meksikalı pilot 2024-cü il mövsümündən sonra Formula 1-ə ən az 1 il fasilə verəcək və bu vaxt ərzində gələcək karyerasını düşünəcək.
Uzun müddətdir Peresin yerinə kimi gətirəcəyini düşünən Avstriya komandası nəhayət ki, qərarını verib: Liam Louson növbəti mövsümdə Red Bull komandasında yarışacaq və o, dördqat Dünya Çempionu Maks Ferstappenlə komanda yoldaşı olacaq.
23 yaşlı yeni zelandiyalı sürücü son mövsümlərdə vaxtaşırı Formula 1-də yarışıb və Yuki Tsunoda ilə eyni performansı göstərərək tez bir zamanda diqqətləri üzərinə cəlb edib.
Serxio Peresin əvəzinə Yuki Tsunoda və Franko Kolapintonun da adı çəkilirdi və hətta Honda şirkəti Tsunodanın Red Bull komandasına keçməsi üçün təzyiq də edib, lakin “qırmızı öküzlər” sonda Liam Lousonu seçiblər. Red Bull komandası Lousonun zehni gücü və texniki rəyinin də sürücü qərarında böyük rol oynadığını açıqlayıb.
Gənc pilot Red Bull ilə Formula 1-də yarışan 13-cü pilot olacaq.
Şərh əlavə et