Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Bottas Mercedes-ə qayıdıb

Valtteri Bottas üçillik fasilədən sonra ehtiyat sürücü kimi Mercedes komandasına qayıdıb. 

Kokpit.az xatırladır ki, finlandiyalı sürücü 2017-2021-ci illərdə Mercedes komandasında Lyuis Həmiltonla birlikdə yarışmış və 2019-cu ildə çempionatı ikinci yerdə bağlamışdı. Mercedes Bottasla 5 dəfə Mühəndislər Kubokunu qazanmışdı. 

Valtteri 2022-ci ildə Sauber komandasına keçmiş və son 3 ili İsveçrə komandasında keçirmişdi. Lakin bu komandada 3 ildə istədiyi nəticələri qazana bilməmişdi. O, 2024-cü ilin sonunda Sauber ilə yollarını ayırıb.

Valtteri Bottas 2025-ci ildə özünə komanda tapa bilməsə də, Mercedes-lə ehtiyat sürücü vakansiyası üçün danışıqlar aparırdı.Nəhayət ki, tərəflər razılığa gəliblər və 35 yaşlı pilot bu ildən etibarən Mik Şumaxerin əvəzinə Mercedes-in ehtiyat sürücüsü olacaq. O 2025-ci ildə Mercedes-in həm simulyatorunda işləyəcək, həm də bəzi testlərdə Mercedes-in sükanı arxasına keçəcək.

Bununla da, Valtteri Bottas formada qalacaq və 2026-cı ildə yenidən Formula 1-ə qayıtmağa ümid edəcək: “Keçən ay ərzində soruşduğum suala nəhayət ki, cavab verə bildiyim üçün xoşbəxtəm. Növbədə ehtiyat sürücü kimi Mercedes komandasına qayıtmaq var və bundan çox razıyam. Totoya və bütün komandaya məni yaxşı qarşıladıqları üçün təşəkkür etmək istəyirəm.

Son bir neçə ildə yaşadığım çətinliklərə baxmayaraq Formula 1-ə çox şey qata bilərəm. Uşaqlığımdan bəri əsas düşüncəm avtoidmanın ən üst mərhələsində uğur qazanmaqdır. Formula 1-də yarışdığım 12 il ərzində çox inanılmaz anlar yaşadım və buna görə şanslıyam.

Bu anları əksəriyyətini yaşadığım yerə qayıtmağı və çempionluq uğrrunda mübarizədə komandaya kömək etməyi səbirsizliklə gözləyirəm”.

Rauf Hacıyev

Şərh əlavə et