Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Peres Red Bull-dan ayrılıb

Red Bull komandası uzun müddət davam edən müzakirələrdən sonra Serxio Pereslə yollarını rəsmi olaraq ayırıb. Onu kimin əvəz edəcəyi hələki məlum deyil.

2021-ci il mövsümündən əvvəl Red Bull həmin vaxt komandasız qalan Serxio Pereslə anlaşmış və meksikalı pilot həmin mövsüm komanda yoldaşı Maks Ferstappenin çempionluğunda mühüm rol oynamışdı. Meksikalı sürücü  həmçinin Red Bull-a 2022 və 2023-cü illərdə ardıcıl iki dəfə Mühəndislər Kubokunu qazanmağa kömək etmişdi.

Lakin o, heç vaxt Sürücülər Çempionluğu uğrunda mübarizə apara bilməyiv və müntəzəm olaraq Maks Ferstappendən geri qalıb.
İş o yerə çatıb ki, Peres bu ili yalnız səkkizinci yerdə bitirə bilib və komanda yoldaşı Ferstappen  onu bir sıralanma turundan (Azərbaycan) başqa bütün yarışlarda qabaqlayıb.

Red Bull Pereslə performansını yaxşılaşdırmaq üçün 1+1 illik yeni müqavilə imzalasa da, meksikalı sürücü üçün yenə də işlər qaydasında getməyib.  Peres il ərzində performansını yaxşılaşdırmaq üçün yollar axtarsa ​​da, fəlakətli 2024-cü ildən sonra yerini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı.

Nəticədə Red Bull komandası 2025-ci il mövsümündən əvvəl Pereslə mövcud müqaviləni ləğv etmək qərarına gəlib. Danışıqlardan sonra tərəflər ortaq nöqtədə razılığa gəliblər və münasibətlərinə son qoyublar. Red Bull Peresə səfirlik təklif etsə də, təcrübəli pilot bunu qəbul etməyib və şirkətlə əlaqələrini kəsib.

Red Bull Peresin gedişindən sonra kimin onu əvəz edəcəyini rəsmən açıqlamasa da, bu sürücünün Liam Louson olacağı gözlənilir.
Digər komandalarda boş yer olmadığı üçün Serxio Peres 2011-ci ildə Sauber ilə başlayan Formula 1 karyerasına ən azı bir il ara verməli və ya təqaüdə çıxmalı olacaq.

Rauf Hacıyev

Şərh əlavə et