Kokpit.az xatırladır ki, ilin əvvəlində Red Bull-da baş verən hadisələr bir çox şayiələrə səbəb olmuşdu. Üstəlik Adrian Nyuinin da komandadan ayrılacağı məlum olduqda söz-söhbətlər daha da qızışmışdı. Niderlandlı sürücünün önümüzdəki mövsümdə komandadan gedəcəyi bildirilirdi. Hətta Mercedes-in rəhbəri Toto Volff onun xidmətlərində maraqlı olduğunu açıq şəkildə bildirmişdi.
Maks Ferstappen: “Formula 1-də futboldakı kimi, müqaviləni vaxtından əvvəl pozmaq halları tez-tez baş vermir. Məsələn, hansısa futbolçu komanda ilə 5 illik müqavilə bağlayıb bir il sonra başqa komandaya keçə bilir. Mənim isə belə planım yoxdur. Bir-iki il sonra nə olacağını heç kim bilmir. Hər şey məndən asılı olmadığı üçün bu haqda düşünmürəm.
Mən olduğum yerdən çox razıyam. Daha bir titul əldə etdik. Bəli, daha rəqabətədavamlı maşına sahib olmaq istəyirəm və bu, məntiqlidir. Komandada özümü rahat hiss edirəm, burada özümü özüm kimi hiss edirəm və bilirəm ki, işçilərimiz qələbələrimiz üçün əllərindən gələni edirlər. Şikayət edəcək bir şeyim yoxdur.
Mövsümün ortasında çətin dövr yaşadıq. Ancaq problemdən qaçmaq onun həllinə kömək etməyəcək. Həll tapmaqda iştirak etməyi özüm üçün vacib hesab etdim. İndi hamı əmindir ki, 2026-cı ildə reqlament dəyişdikdə daha yaxşı maşınımız olacaq. İnanıram ki, Red Bull bu işdə ən yaxşısıdır”.
Şərh əlavə et