Xəbəri Kokpitdə Oxuyun!

FİA-nın Mükafatlandırma Mərasimi baş tutub

FİA-nın sürücüləri mükafatlandırma mərasimi baş tutub və avtoidmanda 2024-cü ilin qalibləri mükafatlatını alıblar.

FIA-nın dünya səviyyəli çempionlarını təbrik etdiyi mərasim bu il Ruandanın paytaxtı Kiqalidə baş tutub.
Kartinqlə başlayan mərasimdə McLaren F1 komandasının pilotu Lando Norris kuboku çempionatın qalibi gənc pilot Kenzo Kreygiyə verib.

Sonra Ralli-raid üzrə Dünya Çempionatının qalibləri səhnəyə çıxıblar. Qətərli Nasser Al-Attiyah üçüncü çempionluq kubokunu alıb və avtomobilini tamaşaçılara təqdim edib.

Rallikros çempionu Yohan Kristoffersson öz yarış avtomobili ilə səhnəyə çıxıb. Formula E çempionu Paskal Verlyayn ağır qəzaya görə mərasimdə iştirak edə bilməsə də, təşəkkür videosu göndərib.

Mərasimdə Sauber-in yeni pilotu Qabriel Bortoleto da mükafat alıb. Formula 2-də ilk mövsümündə çempionluq qazanan braziliyalı pilot bu uğuru ilə “İlin debütantı” mükafatını alıb. Bu mükafatı Bortoletoya dördqat Dünya Çempionu Maks Ferstappen təqdim edib.

Porsche Penske Motorsport adından Kévin Estre, André Lotterer və Laurens Vanthor Dünya Dözümlülük Çempionatında Hypercar sinfində qazandıqları çempionluğa görə kuboklarını alıblar.

Bu il FIA ilk dəfə olaraq “Tarixi Uğur Mükafatı”nı təqdim edib və bu mükafatı ralli əfsanəsi Mi.el Moton alıb. Motonun 1980-ci illərdə qazandığı qələbələr FİA-nln prezidenti Məhəmməd Ben Sulayem tərəfindən yüksək qiymətləndirilib.

Formula 3 və Formula 2 qalibləri mükafatlarını aldıqdan sonra səhnəyə  Formula 1 pilotları çıxıblar.

Ferrari-dən Şarl Lekler, McLaren-dən Lando Norris və Dünya Çempionu Maks Ferstappen böyük alqışlarla qarşılanıblar.
Üçüncü yer kubokunu qazanan Lekler Monako və Montsaa qələbələrini xüsusi xatirələr kimi bölüşüb. Norris ikinci yer kubokunu aldıqdan sonra səhnədə qalıb və Oskar Piastri, Andrea Stella və Zek Braun ilə birlikdə McLaren-in qazandığı Mühəndislər Kuboku mükafatını alıb.

Mərasimə qatılmayan Serxio Peres “İlin həyəcanlı anı” mükafatını qazanıb. Onun Çində sprint yarışında Fernando Alonso və Karlos Saynsa  qarşı etdiyi ikiqat ötmə bu mükafata layiq görülüb.

Nəhayət, Formula 1-in keçmiş rəhbəri Berni Ekklstoun “Prezident İnnovasiya Mükafatı”na layiq görülüb.

Rauf Hacıyev

Şərh əlavə et