Xəbəri Kokpitdə Oxuyun!

Ferstappen cəzasını çəkib

Maks Ferstappen aldığı ictimai cəzanı Ruandada çəkib.

Maks Ferstappen cümə günü Ruandaya yalnız çempionluq kubokunu toplamaq üçün getməmişdi. O, Sinqapurda aldığı cəzanı çəkmək üçün də ora yollanıb.

Dördqat Dünya Çempionu Sinqapur Qran Prisinin cümə axşamı keçirilən mətbuat konfransında işlətdiyi təqirə görə cəzalandırılmış və FİA Beynəlxalq İdman Məcəlləsinin 12.2.1.k qaydasını pozmuşdu.  Ferstappenə “ictimaiyyət üçün faydalı vəzifə” cəzası verilib.

Beləliklə Ferstappen  Kiqalidə keçirilən mükafatlandırma mərasimindən əvvəl Ruanda Avtomobil Klubunun (RAC) təşkil etdiyi inkişaf proqramında iştirak edərək bu vəzifəni yerinə yetirib. Bu proqram gənc sürücüləri avtoidmanla tanış etmək məqsədi daşıyır.

Maks Ferstappen proqram çərçivəsində şou yürüşü həyata keçirdikdən sonra proqramla bağlı xoş sözlər söyləyib: “Hər şeyin bahalaşdığı bir dövrdə uşaqlar üçün öz ölkələrində münasib qiymətə belə tədbirlərin olması çox gözəldir. Bu gözəl fürsətdir və ümid edirəm ki, uşaqları sürücü ya da mühəndis işləməyə təşvik edər. Burada böyük potensial var və hamının marağını çəkmək üçün işlər görülür. Dünyanın harasından gəldiyinizin fərqi yoxdur. Buna görə də bura gəlməyimiz çox vacib idi. Ümid edirəm ki,  növbəti 5 ya da 10 il ərzində bu bölgədən sürücülər çıxar və avtoidman dünyasına yüksələrlər”.

Rauf Hacıyev

Şərh əlavə et