Kokpit.az xatırladır ki, yeddiqat Dünya Çempionu ilin sonunda Mercedes komandasından ayrılacaq və növbəti mövsümdən Ferrari-nin şərəfini qoruyacaq.
Lyuis 2013-cü ildə Mercedes-ə transfer olunmuş və burada yarışdığı 12 il ərzində 245 yarışa çıxıb, 84 qələbə, 78 poul və 153 podium qazanıb. O, gümüşü oxlarla 6 dəfə Dünya Çempionu titulunu əldə edib.
Əfsanəvi sürücü Əbu Dabi yarışından dərhal sonra Mercedes-in baş sponsoru Petronası ziyarət etmək üçün Kuala Lumpur şəhərinə uçub. Həmiltona yaxın resurslar bildiriblər ki, o, üz-üzə vidaları səbirsizliklə gözləyir.
Lyuis Həmilton isə bu barədə belə danışıb: “Əbu Dabidən sonra vidalaşmalara başlamaq çox emosionaldır. Petronas-ın əkiz qüllələrini yenidən görmək gözəldir. Burada məni həmişə yaxşı qarşılayırlar.
Son 12 ildə ailəm kimi olan Petronas komandasını görəcəyim üçün çox həyəcanlıyam. Ümid edirəm ki, bu son gəlişim olmaz, amma hamını görməyi səbirsizliklə gözləyirəm”.
Lyuis Həmilton Kuala Lumpurdan sonra Ştutqarta yola düşəcək və çərşənbə günü Mercedes-in idarə heyəti ilə yemək yeyəcək. Cümə günü isə Britaniyadakı motor bazasına gedərək, işçilərlə görüşəcək. Sağollaşma Yeni il şənliyi ilə sona çatacaq.
Mercedes isə Lyuis Həmiltonla sağollaşmasını Kuala Lumpur, London və Los Ancelesdə “Təşəkkürlər Lyuis” plakatları ilə qeyd edib.
Həmiltonun Ferrari ilə ilk çıxışınınqapalı qapılar ardında edəcəyi gözlənilir. “Qırmızılar” bu barədə məlumat verməsələr də, Lyuisin 2022-ci il bolidi F1-75-i sürməsi ehtimal olunur.
Şərh əlavə et