Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler xüsusi şey etmək istəyir

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, Mühəndislər Kubokunu qazanmaq üçün möcüzəyə ehtiyacları var. 

Mövsümün son yarışından əvvəl McLaren Mühəndislər Kubokunda ən yaxın rəqibi Ferrari-ni 21 xal qabaqlayır. Ferrari komandasının sürücüləri isə Yas Marinadakı yarışa 3-cü və 19-cu yerdən başlayacaqlar. McLaren komandasının sürücüləri isə ilk iki yerdən start verəcəklər. Belə olan halda çempionluq üçün “qırmızılar”ı çətin sınaq gözləyir. 

Ferrari-nin monakolu sürücüsü Lekler cümə günü güc qurğusunda batareya dəyişikliyi etmiş və buna görə də yarışın startında 10 yer itirmək cəzası almışdı. Dünənki sıralanma turunun ikinci sessiyasında isə o, yaxşı dövrə vursa da, tras limitlərini aşdığı üçün onun nəticəsi silinib və 13-cü pilləyə yuvarlanıb. Bu nətiəcinin üstünə startda 10 yer itirmək cəzası gələndə isə Şarlın işi lap çətinləşib.

Yarışa 19-cu yerdən başlayacaq Şarl Lekler buna baxmayaraq ümidini itirmir və bildirib ki, hələ də hədəflərindən imtina etməyiblər: “Sözün açığı sıralanma turunda sonra özümü heç də yaxşı hiss etmirəm. McLaren-ləri keçməyin çətin olacağını bilirəm.

Dövrəvi nəticəmin silinməsi və batareya dəyişikliyinə görə cəza aldım və yarışa 19-cu yerdən başlayacağam. Bu hal işlərimizi heç asanlaşdırmır, amma yarışda xüsusi bir iş görmək istəyirəm. Bu hal mənə motivasiya verir. Hədəfim hələ də eynidir – Mühəndislər Kubokunu qazanmaq. Cümə günü olduğu kimi şənbə günü də, bu gün də buna inanıram. Bu ehtimal kağız üzərində çox çətin görünsə də…

Yaşananlara görə sadəcə özümü günahkar sayıram. Yarış tempimiz pis deyildi, amma McLaren daha güclü görünür. Üçüncü sərbəst yürüşlərdən bəri boliddə bəzi dəyişikliklər etdik və düşünürəm ki, doğru yönə getmişik. Təkər yeyilməsi bizdə rəqiblərimizə nisbətən daha yaxşıdır. Yarışda yaxşı yer tutmağa ümid edirəm.

Möcüzələrə inanıram. Bu hal işimizi çətinləşdirdi. Bu dəqiqdir. Amma startda 10 yer itirəndən sonra işlərin çətin olacağını bilirdim. Yenə də çox xüsusi bir iş görə bilərəm. Bunu bacarmaq üçün əlimdən gələnin ən yaxşısını edəcəyəm. Son ana qədər inannacağam. Hər şey ola bilər.

Son yarışlarda doğru yöndə getidyimizə inanıram. McLaren, Red Bull və biz çox rəqabətədavamlıyıq. Amma bəzi komandalar enişli-yoxuşlu performans göstərdi. Yenə də sıralanmanın belə yaxın olması bizə doğrudan da həyəcan verir”.

Rauf Hacıyev

Şərh əlavə et