Xəbəri Kokpitdə Oxuyun!

Əbu Dabi-2024: Norris qalib gələrək McLaren-i çempion edib

Maks Ferstappen çempionluğunu Las Veqasda təmin etsə də, tarixin ən uzun mövsümündə Mühəndislər Kubokunun qalibi adına yalnız son yarışda aydınlıq gəlib.

Son yarışa McLaren 21 xal öndə gəlib. Ferrari-nin çempion ola bilmək üçün əsas rəqibinə ciddi üstünlük qurması lazım olub, lakin ilk gündən McLaren-in daha sürətli olduğu müşahidə edilib. Şarl Lekler cümə günü ilk məşqlərdə ən sürətli olub, daha sonra enerji saxlama blokunu dəyişdirdiyi üçün startda 10 yer itirəcəyi elan edilib. İkinci və üçüncü məşqlərdə isə McLaren sürücüləri öndə olub. Onlar yaxşı çıxışlarını sıralanma turunda da davam etdirərək start düzümündə ilk cərgəni tutublar.

Yarışa Norris və Piastri ilk, Sayns və Ferstappen ikinci, Qasli və Rassell isə üçüncü cərgədən başlayıblar. Lekler start düzümündə 19-cu yeri tutub. Pirelli bura C3, C4 və C5 təkərlərini gətirib. Start üçün Həmilton sərt, qalan hamı orta təkərləri seçib.

Startda Norris yerini qoruyub, Maks və Oskarın toqquşması nəticəsində niderlandlı sürücü 11-ci yerə yuvarlanıb, üstəgəl 10 saniyə də cəza alıb. Çjou da start prosedurunu pozduğu üçün 5 saniyə ilə cəzalandırılıb. Peres Bottasla təmasdan sonra yerində fırlanıb və ikinci dövrədə yarışı dayandırıb. Buna görə Bottas da 10 saniyə cəzası alıb, maşının təxliyəsi üçün VTM rejimi elan edilib.

Sonlardan başlayan Lekler 11 pillə irəliləyərək 8-ci yerə yüksəlib, Həmilton da 4 yer qazanıb. 2-ci dövrədə ilk onluq: Norris – Sayns – Qasli – Rassell – Hülkenberq – Alonso – Maqnussen – Lekler – Stroll – Louson.

Üçüncü dövrədə yaşıl bayraqlar dalğalanıb. Piastri Kolapintoya hücum edərkən təmasa səbəb olub və təkər deşilib. Onlar 4 və 5-ci dövrələrdə pit-stop etməli olublar. Lekler Maqnusseni qabaqlayıb. Maqnussen Ferstappendən də geri qalıb. Lekler 10-cu dövrədə Alonsonu, 13-cü dövrədə isə Hülkenberqi keçib. Həmilton isə Lousonu qabaqlayıb.

Lekler 21-ci dövrədə təkər dəyişib. Lousonun pit-stopu zamanı ön sol təkəri yaxşı bərkidilmədiyindən yenidən pitə qayıtmalı olub. Yarışdan sonra ona 10 saniyəlik Stop&Go cəzası verilib. Sayns 26-cı, Norris və Rassell isə 27-ci dövrədə yeni təkərlərə keçiblər. Lando liderliyini qoruyub. Rassell yeni təkərlərlə Qaslini ötüb.

Kolapinto 28-ci dövrədə güc qurğusundakı nasazlığa görə mübarizəni dayandırıb. Maks 30-cu dövrədə pit stop edib və cəriməsini ödəyib. Bottas 31-ci dövrədə əyləclərini kilidləyib və Maqnussenlə toqquşub. Nəticədə asılqanlar qırılıb və mübarizə onun üçün başa çatıb. İnsidentə görə Bottasa 3 cərimə balı yazılıb və növbəti startında 3 yer itirməli olacaq. Kevin isə yarışa davam edə bilib.

Piastri 33, Həmilton isə 35-ci dövrədə yeni təkərə keçib. Maks Fernandonu keçib. 38-ci dövrədə ilk onluq: Norris – Sayns – Lekler – Rassell – Qasli – Hülkenberq – Həmilton – Ferstappen – Alonso – Elbon.

Alonso 39-cu dövrədə pit-stop edib. Həmilton Hülkenberqi keçib. Bir qədər sonra isə Hülkenberqi də geridə qoyaraq beşinci yerə yüksəlib. Niko Maksdan da geri qalıb. Son dünya çempionu bir qədər sonra Qaslini də geridə qoyub və altıncı yerə qalxıb. Piastri Elbonu ötərək xal zonasına düşüb. Maqnussen 57-ci dövrədə Soft təkərə keçib və karyerasını sürətli dövrə ilə başa vurub. Həmilton komanda yoldaşından irəli keçib.

Lando Norris mövsümdə və karyerasında dördüncü qələbəsini əldə edib. Bu nəticə McLaren-in uzun fasilədən sonra Mühəndislər Kubokunu qazanmasına kifayət edib. Bu, komandanın 1998-ci ildən bəri ilk, ümumilikdə isə 9-cu çempionluğudur. Pdoiumun növbəti iki pilləsini Ferrari sürücüləri tutub. Komanda özü də mövsümü ikinci sırada başa vurub.

Beləliklə, 2024-cü il mövsümü başa çatıb. Komandalar daha bir neçə gün Əbu Dabidə qalacaqlar və mövsümsonrası testlərdə iştirak edəcəklər. İrəlidə bizi Yeni il bayramı, yeni maşınların təqdimatı və qış testləri gözləyir. Növbəti mövsümün startına isə 98 gün var. Vaxt çox sürətlə keçəcək…

Elçin Zodorov

Şərh əlavə et