Kokpit.az xatırladır ki, dünənki sprint yarışından sonra titulun taleyi bugünkü əsas yarışa qalmışdı. Bütün diqqətlər çempionatın lideri Qabriel Bortoleto ilə Ayzek Həcərin üzərində idi. Son yarışa Bortoleto 5 xal öndə başlayırdı. Buna görə də Həcər yarışı rəqibindən öndə bitirməli idi.
Lakin fransalı pilotun maşını düzülüşdə yerindən tərpənə bilməyib və mexaniklər maşını dərhal pit yoluna çəkiblər. Bununla da Həcər yarışa bir dövrə sonra başlaya bilib. Bortoleto isə əksinə qüsursuz startla liderliyə yüksəlib və çempionluq yolunda önəmli addım atıb.
Sürücülər yarış ərzində fərqli strategiyalar seçmişdilər. Bortoleto hamıdan əvvəl pitə gələrək, trafikin ortasına düşüb. Ön tərəfdə olan Coşua Dürksen isə yaxşı pit strategiyası seçərək, liderliyə yüksəlib. Yarışın sonlarında Bortoleto fərqi bağlasa da, yekunda Dürksen damalı bayrağa hamıdan əvvəl çatıb. Lakin braziliyalı sürücü bu ikinciliklə çempionluğunu elan edib.
Qeyd edək ki, Qabriel Bortoleto gələn il Sauber komandası ilə Formula 1-də debüt edəcək. O, Formula 2-dəki debüt mövsümündə çempion olaraq, hamının diqqətini özünə cəlb edib. McLaren Sürücü Akademiyasının yetirməsi olan Qabriel keçən il də Formula 3 seriyasında çempionluq titulunu qazanmışdı.
Rixard Fersxor yarışı üçüncü yerdə bitirib. Yarışa pouldan başlamış Vikror Martins isə yekunda dördüncü yeri tutub. Gələn il Haas ilə Formula 1-də debüt etməyə hazırlaşan Oliver Berman beşliyi bağlayıb. Çempionluğun digər namizədi Ayzek Həcər isə yarışı bir dövrə geridə bağlayıb.
Şərh əlavə et