Xəbəri Kokpitdə Oxuyun!

McLaren Mühəndislər Kubokunun qalibidir

McLaren komandası Lando Norrislə Əbu Dabi yarışında qalib gələrək, Mühəndislər Kubokunu qazanıb. Bu, Britaniya komandasının 9-cu tituludur.

Formula 1 tarixinin ən köklü və uğurlu komandalarından biri olan McLaren 26 illidən sonra Mühəndislər Kubokunun qalibi olub. Bu uğur Lando Norrisin Əbu-Dabi Qran Prisindəki qələbəsindən sonra gəlib və McLaren-in şöhrətli günlərinə qayıdışını göstərib.

Uzun illərdən sonra gələn çempionluq

McLaren son dəfə 1998-ci ildə Mika Həkkinen və Devid Kulthardın pilot olduğu zaman Mühəndislər Kubokunu qazanmışdı. Lakin həmin ildən sonra komanda üçün işlər gözlənildiyi kimi getməmişdi. Xüsusilə Lyuis Həmilton dövründə çempionluqlar uğrunda mübarizə aparılsa da, Mühəndislər Kuboku gəlməmişdi.

2015-2017-ci illər arasında Honda mühərrikləri ilə bərbad mövsümlər keçirən McLaren outsayderlər qrupuna düşmüşdü.
Bununla belə, 2019-cu ildə eak Braunun rəhbərliyi ilə başlanan yenidənqurma işləri McLaren-i yenidən yaxşı yerlər uğrunda mübarizəyə qaytarmışdı.

Komanda rəhbərliyinə Andrea Stella və texniki tərəfə cəlb edilən Rob Marşallın gəlməsi ilə  Britaniya komandası peletondakı ən yaxşı avtomobili düzəldib.   Lando Norris və Oskar Piastrinin stabil çıxışı da komandanın çempionluğunda mühüm rol oynayıb.

Digər mühüm amil, şübhəsiz ki, Mercedes mühərrikinə keçid idi. Müştəri mühərriki ilə çempion olmaqla, McLaren “müştəri mühərriki ilə çempion ola bilməzsən” anlayışını alt-üst edib.

McLaren mövsüm ərzində ümumilikdə 6 yarış qazanıb. Lando Norris 4, Oskar Piastri isə 2 yarış qələbəsi ilə fərqlənib.
Bu çempionluqla McLaren Formula 1-dəki doqquzuncu Mühəndislər Kubokunu qazanıb və bu statistikada Williams komandasına çatıb.

Mühəndislər Kubokunu ən çox qazanan komandalar

  • Ferrari: 16
  • Williams 9
  • McLaren 9
  • Mercedes: 8
  • Lotus: 7
  • Red Bull: 6

Rauf Hacıyev

Şərh əlavə et