Burada sabah əsas suala aydınlıq gələcək – Mühəndislər Kubokunu McLaren qazanacaq, yoxsa Ferrari? Eyni zamanda bu həftəsonu bir neçə sürücü üçün cari komandalarında, bəziləri üçün də F1-də son yarış olduğundan, hamı əlindən gələnin maksimumunu etməyə çalışır.
Cümə günü ilk məşqlərdə Lekler hamıdan sürətli olub, lakin güc qurğusunun elementi dəyişdirildiyi üçün startda 10 yer itirəcək. İkinci və üçüncü məşqlərdə isə McLaren sürücüləri daha üstün olublar. Pirelli burda ən yumşaq tərkibləri – C3, C4 və C5 təkərlərini gətirib.
İlk sessiyada Rassell, Həmilton və Alonso sərt təkərlərlə trasa çıxıblar və dərhal geri qayıdaraq Soft təkərlərə keçid ediblər. Peresin nəticəsi ləğv edilib, lakin daha sonra stüardlar səhvlərini anlayraq onun dövrəsini bərpa ediblər. İkinci cəhdlərdə pit-leynin çıxışında tıxac yaranıb. Lekler 1:23.302-lik nəticə ilə ən sürətli olub. Bottas gözlənilməz şəkildə ikinci nəticəni göstərib. Duen, Kolapinto, Həmilton, Çjou və Elbon mübarizəni dayandırıblar.
İkinci sessiya Həmiltonla Maqnussein insidentinə görə yaranmış problemlər ucbatından bir neçə dəqiqə gec başlayıb. Maks ilk cəhdində hamıdan sürətli olub və ikinci cəhdinə çıxmaqdan imtina edib. Leklerin nəticəsi trasdan tam çıxdığı üçün ləğv olunub. Sayns ilk sıranın sahibi olub – 1:22.985. Bottas uzun fasilədən sonra son mərhələyə keçə bilib. Elbon, Maqnussen, Lekler,Stroll və Louson mübarizəni başa vurublar.
Son sessiyada birinci cəhddə Ferstappen üstün olub. Piastrinin nəticəsi silinib, Bottas isə təkəri olmadığı üçün ilk cəhdinə çıxmayıb. İkinci cəhdlərdə isə McLaren sürücüləri sözlərini deyiblər – öncə Piastri Maksı üstələyib, lakin yekun nəticəni Norris 1:22.595 ilə müəyyən edib.
Lando Norris mövsümdə 8-ci, karyerasında isə 9-cu poulunu qazanıb. Sabahkı yarışa onun yanından komanda yoldaşı Oskar Piastri başlayacaq və McLaren Mühəndislər Kubokunu qazanmaq üçün ideal şans əldə edib. İkinci cərgəni Karlos Sayns və Niko Hülkenberq, üçüncü cərgəni isə Maks Ferstappen və Pyer Qasli tutublar.
Şərh əlavə et