Xəbəri Kokpitdə Oxuyun!

Niko Hülkenberq cərimələnib

Əbu Dabi Qran Prisində mövsümün ən yaxşı sıralanma turu nəticəsini qazanan Niko Hülkenberqin sevinci qısa çəkib. Stüardlar sessiyadan sonra ona yarışın startında 3 yer itirmək cəzası veriblər.

Kokpit.az xatırladır ki, almaniyalı sürücü sıralanma turunda 4-cü yeri tutaraq, hamını təəccübləndirmişdi. Lakin sessiyadan sonra  pit çıxışında iki rəqibini keçdiyi üçün stüardlar onu araşdırmağa başlayıblar və buna görə  yarışın startında 3 yer itirmək cəzası veriblər.

Beləliklə, Niko Hülkenberq sabahkı 58 dövrəlik yarışa yeddinci yerdən başlayacaq. O, bu cəza ilə Maks Ferstappen, Pyer Qasli və Corc Rassellin gerisinə düşüb.

Bu cəza Haas komandasının da planlarını alt-üst edib, çünki  Amerika təmsilçisi hazırda Mühəndislər Kubokunda 6-cı yer uğrunda Alpine ilə mübarizə aparır. Haas hazırda fransalı rəqibindən 5 xal geridə qalaraq, 7-ci yerdə qərarlaşıb. Buna görə də Nikonun yarışa Pyer Qaslinin arxasında başlaması onlar üçün heç də yaxşı xəbər deyil.

FİA-nın yarış direktoru cümə günü etdiyi açıqlamada bildirmişdi ki, öndəki maşında mexaniki problem olmadığı müddətdə ötmə etmək yasaqdır. Ancaq sıralanma turunun birinci sessiyasında Niko Hülkenberq həm Saynsı, həm də Duhəni keçərək qaydaları pozub.

Stüardlar bu hadisə haqqında belə açıqlama veriblər: “Sürücü yarış direktorunun təlimatına uymadığına  etiraz etməyib, ancaq qaydaları pozmasının tək seçimi olduğunu əlavə etdi. Yarış hakimləri komanda qarajlarının yerləşməsinə görə maşınların trasa göndərmə seçimlərinin məhdud olduğunu qəbul etsə də, bu qaydaları pozmağa icazə vermir.

Pit çıxışı kimi müəyyən sahələrdə ötmə yasağı potensial təhlükələrin qarşısını almaq üçün tətbiq edilir. Buna görə də stüardlar ona yarışın startında yer itirmək cəzasının uyğun olduğuna qərar veriblər”.

Rauf Hacıyev

Şərh əlavə et