Kokpit.az xatırladır ki, danimarkalı sürücü Əbu Dabidə Formula 1-dəki son yarışına çıxacaq. Ancaq 32 yaşlı pilotun yarış dünyasından ayrılmaq fikri yoxdur, çünki növbəti mövsümdən dözümlülük yarışlarında çıxış edəcək.
Bu seriya əslində Kevin Maqnussen üçün tanışdır. O, 2021-ci ildə Haas-dan ayrıldıqdan sonra dözümlülük yarışlarında bəxtini sınamışdı. Lakin 2022-ci ildə Rusiyanın Ukraynanı işğal etməsinə görə Nikita Mazepin Haas-dan qovulmuş və yerinə Kevin Maqnussen gətirilmişdi.
Maqnussen o vaxtlar Peugeot ilə müqavilə bağlasa da, Formula 1-dən aldığı bu çağırışla fransız komandasından icazə alaraq, Haas-a keçmişdi.
Danimarkalı növbəti mövsümdən BMW-nin dözümlülük proqramına qatılacaq və markanın LMDh prototiplərini sürəcək.
BMW M Motorsport-un prezidenti Andreas Roos: “Kevin Maqnussen LMDh proqramımız üçün əla adamdır. Son 10 ildə Formula 1-də sürətini və istedadlarını yüksək səviyyədə göstərib. Təcrübəsi hesabına layihəmizə böyük dəyər qatacaq. Ailəmizin bir hissəsi olduğu üçün çox sevincliyəm”.
BMW-nin LMDh prototipləri həm WEC-də, həm də İMSA-da yarışır. Maqnussenin hansı çempionatda yarışacağı isə hələ müəmmalıdır.
Şərh əlavə et