Xəbəri Kokpitdə Oxuyun!

F.Vassyör: Çempionluğa hazırıq

Ferrari komandasının rəhbəri Frederik Vassyör bildirib ki, Əbu Dabidə Dünya Çempionu olmaq üçün hər şey edəcəklər.

Kokpit.az xatırladır ki, mövsümün son yarışı olan Əbu Dabidən əvvəl McLaren ilə Ferrari arasındakı xal fərqi 21-dir. “Qırmızılar” bu fərqi aradan qaldırıb çempion olmaq üçün Yas Marinada əllərindən gələni edəcəklər.

Frederik Vassyör: “Hibrid motorların gəldiyi dövrdən sonra Ferrari olaraq ilk dəfə mövsümün son yarışında çempionluq şansımız var. Bu belə böyük uğurdur. Amma bu həftəsonu son və ən önəmli addımı atmağa çalışacağıq.

Əlbəttə, dürüst olmalıyıq. Riyazi olaraq şansımız olsa da, bunu bacarmaq çox çətindir. Çünki McLaren bu həftəsonuna 21 xal öndə başlayır. Biz yarışı ilk iki yerdə bitirsək, onlar 3 və 4-cü yeri tutsalar, yenə də çempion olacaqlar.

Yenə də çətinliklər Ferrari üçün həmişə motivasiya qaynağı olub. Əgər başdan sona qədər mükəmməl həftəsonu keçirsək, bu çempionluğu qazanmaq üçün şansımız olacaq. Çempion olmasaq da, Əbu Dabidən qürurla ayrılacağıq, çünki əlimizdən gələnin ən yaxşısını edəcəyik.

Bu böyük həftəsonu üçün hazırlıqları əskiksiz etdik. Maşınımız yarışlarda güclü performans göstərməyə meylli olsa da, sıralanma turunun da vacib olduğunu bilirik. Şarl, Karlos və bütün komanda Ferrari-ni yenidən zirvəyə daşımaq və çempionluğu qazanmaq üçün sona qədər mübarizə aparacaqlar.

Rauf Hacıyev

Şərh əlavə et