Xəbəri Kokpitdə Oxuyun!

Red Bull Peresi göndərəcək?

Red Bull komandası Serxio Peresin müqaviləsi olmasına baxmayaraq, 2024-cü ildəki performansına görə onunla yollarını ayırmağı planlaşdırır.

Kokpit.az xatırladır ki, meksikalı sürücü mövsümün ilk yarışlarında podiumlar qazansa da, Çin yarışından sonra bərbad performans göstərib və Sürücülər Çempionatından 8-ci yerə yuvarlanıb. “Qırmızı Öküzlər” Çekonun zəif performansına görə bu il Mühəndislər Kubokunu əldən veriblər.

Meksika mətbuatının xəbərinə görə Red Bull 2026-cı ilə qədər müqaviləsi olmasına baxmayaraq, Pereslə yolları ayırmaq istəyir. Serxio bu il sadəcə 152 xal toplayıb və komanda yoldaşı Maks Ferstappendən 227 xal geridə qalır. Bu isə Serxionun Red Bull-da yarışandan bəri ən zəif performansıdır. O, 2021-ci ildə 190, 2022-ci ildə 205, 2023-cü ildə 285 xal toplayıb.

Red Bull komandasının rəhbəri Kristian Horner Qətər Qran Prisindən sonra bildirmişdi ki, Serxio Peres bu il çətin mövsüm keçirib və öz qərarını verməlidir. Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko isə açıq formada narazılığını bildirib və deyib ki, Peresin performansı gözləntilərin altında qalıb.

Serxio Peresin müqaviləsi ləğv olunsa, Red Bull altırəqəmli təzminat ödəməlidir. Bundan başqa Serxio Peres 2026-cı ildə idmana gələcək Cadillac və General Motors komandasına keçə bilər.

Red Bull komandası isə Serxio Peresin əvəzinə Yuki Tsunoda ya da Liam Lousonu namizəd göstərib. Visa Cash App RB komandası isə Formula 2-dən Ayzek Həcəri gətirə bilər.

Rauf Hacıyev

Şərh əlavə et