Xəbəri Kokpitdə Oxuyun!

Qətər-2024: Ferstappen intiqamını alıb

Keçən il Qətər Qran Prisi oktyabrın əvvəllərində baş tutmuşdu və olduqca isti hava sürücülərə bir çox problemlər yaşatmışdı. Bu dəfə ilə yarış 1 ay sonraya salınıb, güclü küləkdən başqa heç bir şey sürücülərə mane olmayıb.

Maks Ferstappen bura dördüncü titulunu həll edərək gəlib, lakin Mühəndislər Kubokunda vəziyyət olduqca gərgindir. Cümə günü yeganə məşqlərdə Şarl Lekler hamıdan sürətli olub. Sprint sıralanma turunda poulu alan Lando Norris qısa yarışın son metrlərində qələbəni komanda yoldaşı Oskar Piastriyə hədiyyə edib.

Əsas sıralanma turunda Maks Ferstappen hamını üstələyib, lakin isinmə dövrəsində Corc Rasselli ləngitdiyi üçün startda 1 yer itirməklə ən öndən başlama şansını ingilis həmkarına verib. İlk cərgədən Corc Rassell və Maks Ferstappen, ikinci cərgədən Lando Norris və Oskar Piastri, üçüncü cərgədən isə Şark Lekler və Lyuis Həmilton start alıblar.

Pirelli bura ən sərt üçlüyü – C1, C2 və C3 təkərlərini gətirib. Yarışa başlamaq üçün Hülkenberq Hard, qalan hamı Medium təkərləri seçib.

Yarış başlamazdan əvvəl pitə qayıdan Piastri ağ xəttin üzərindən keçərək pit-leynin girişində Həmiltonu qabaqlayıb. Stüardlar yarışdan sonra insidenti nəzərdən keçirib və Oskara rəsmi xəbərdarlıq ediblər.

Startda Ferstappen və Norris Rasselli qabaqlayıblar. Həmilton start prosedurunu pozduğu üçün 5 saniyəlik cəza alıb. İlk döngədə Okon, Hülkenberq və Kolapintonun iştirakı ilə qəza baş verib. Niko pit-stop edib, digər iki sürücü üçün yarış başa çatıb. Stroll da dördüncü döngədə Elbonla təmas yaşayıb. Təhlükəsizlik Maşını trasa çıxıb. TM arxasında ilk onluq: Ferstappen – Norris – Rassell – Lekler – Piastri – Sayns – Peres – Alonso – Həmilton – Tsunoda.

Restart 5-ci dövrədə verilib. Maks lidereliyini qoruyub. Piastri Lekleri, Tsunoda və Həmilton isə Alonsonu üstələyib. Stroll 10 saniyəlik cəza alıb. Lakin onu növbəti mərhələyə daşımamaq üçün elə bu yarışdaca çəkib və dərhal mübarizəni başa vurub.

Rassell 24-cü dövrədə pit-stop edib, lakin arxa sağ təkərə görə ləngimə baş verdiyindən, xeyli vaxt itirib. Elbonun maşınının güzgüsü trasa – trayektoriyadan bir qədər aralı düşüb. Stüardlar bir neçə dəfə sarı bayraq qərarı versələr də, hər dəfə tezliklə ləğv ediblər. Bottas həmin parçanın üstündən keçərək qırıntıya çevirib və trasa yayıb. Buna görə də, Həmilton və Saynsın təkəri deşilib.

TM trasa çıxıb. Ferstappen, Norris, Lekler, Peres, Qasli, Rassell, Alonso, Çjou, Tsunoda, Elbon və Louson təkərlərini dəyişiblər. Peres TM arxasında motor güc itirdiyi üçün maşını saxlayıb və yarışdan çəkilib. Restart 40-cı dövrədə verilib, Maks Norrisin hücumlarından özünü qoruya bilib. Rassell Qaslini ötüb. Hülkenberq çınqıllığa çıxdığı üçün TM yenidən trasa qayıdıb. Norris sarı bayraqlar altında sürətini azaltmadığı üçün 10 saniyəlik Stop&Go cəzası alıb.

Mübarizə 43-cü dövrəəd bərpa edilib. Elbon Maqnussenlə insidentə görə 10 saniyə cəza alıb. Norris 46-cı dövrədə cəriməsini ödəyib və trasa sonuncu yerdə qayıdıb. Həmilton da pit yolunda sürət həddini aşdəğı üçün cərimələnib. Norris olduqca yüksək templə bir neçə dövrə ərzində 5 nəfəri üstələyərək xal zonasına düşə bilib. Sayns Qasliyə nə qədər təzyiqlər etsə də, fransız sürücü ustalığını göstərib.

Maks Ferstappen mövsümdə 9-cu, karyerasında isə 63-cü qələbəsini bayram edib. Şarl Lekler ikinci, Oskar Piastri isə üçüncü olub. Quanyu Çjou 8-ci yeri tutaraq komandasına mövsümdə ilk xallarını qazandırıb.

Mübarizə gələn həftəsonu Əbu Dabidə davam edəcək və mövsüm ənənəvi olaraq, orada başa çatacaq. Yas Marinada hamının böyük maraqla gözlədiyi sualın da cavabına aydınlıq gələcək: Formula 1-in iki köklü komandasından hansı uzun fasilədən sonra Mühəndislər Kubokunun sahibi olacaq? McLaren xal olaraq hazırda buna daha yaxındır, lakin Yas Marina trası da adətən Ferrari üçün daha uyğun olur…

Bütün bunlara gələn həftəsonu cavab tapacağıq və bir çox sürücünün cari komandadakı, bəzilərinin də bəlkə də, F1-dəki son yarışını izləyəcəyik…

Elçin Zodorov

Şərh əlavə et