Xəbəri Kokpitdə Oxuyun!

S.Peres Lekleri günahlandırır

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, sprint sıralanma turunun birinci sessiyasında ələnməsinin əsas səbəbi Şarl Leklerdir. 

Kokpit.az xatırladır ki, meksikalı sürücü Las Veqasdan sonra Qətərdəki sprint sıralanma turunun da birinci sessiyasında ələnib və ikinci sessiyaya qala bilməyib. Meksikalı sürücü son cəhdində start xəttini Şarl Lekler ilə birlikdə keçib və birinci döngədə mübarizə apardıqları üçün dövrəsinə vaxt itirərək başlayıb. Yekunda Peresin ən yaxşı dövrəsi 1.22.178 olub və bu da Mask Ferstappenin nəticəsindən demək olar ki, 0.7 saniyə zəif olub. Bununla da Çeko 16-cı yeri tutaraq, sprint sıralanma turunun ilk sessiyasında ələnib. 

Serxio Peres: “Təəssüf ki, trasa bir az gec çıxdıq, çünki döngə üçün balans çubuqlarından birində problem yaşadıq. Son cəhdimə başlayarkən Şarl gəldi və birinci döngədə sözün əsl mənasında mübarizə apardıq. Bu da mənim vaxt itirməyimə səbəb oldu və birinci sessiyada ələndim.

Bu hal doğrudan da məyusedicidir, çünki birinci sərbəst yürüşlərdən sıralanma turuna qədər çox inşişaf etmişdik. Bundan daha yaxşı nəticə qazanmaq mümkün idi. Belə yekunlaşması doğrudan da çox məyusedici oldu.

Sabah sprint yarışında önə keçmək çətin olacaq, çünki qısa yarışdır. Buna görə də böyük ehtimalla həftəsonunun qalanına köklənəcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et