Xəbəri Kokpitdə Oxuyun!

Qətər sprint – Norrisdən Piastriyə hədiyyə!

Qatar Qran Prisinin sprint yarışında Oskar Piastri qalib olub. Lando Norris ikinci, Corc Rassell üçüncü yerləri tutublar.

Kokpit.az bildirir ki, qızdırma dövrəsində Corc Rassell pouldan başlayan Lando Norrisi qısa müddətliyinə qabaqlasa da, sonradan yerini  geri verib. Yarışın startında Quanyu Çjoudan başqa bütün sürücülər Medium təkərləri seçiblər. 

Startda pouldan Lando Norris yerini qoruyub. İkinci və üçüncü yerdən start verən Corc Rassellə Oskar Piastri isə mübarizə aparıblar və avstraliyalı sürücü yekunda öndə qalıb. Yarışa yeddinci yerdən başlayan Lyuis Həmilton da yaxşı startla iki yer qazanıb. O, Maks Ferstappen və Şarl Lekleri geridə qoyaraq, beşinciliyə yüksəlib. Maks Ferstappen isə startın itirən sürücüsü olub. O, 6-cı yerdən start alsa da, 3 yer itirərək, 9-cu yerə yuvarlanıb.

Yarışın üçüncü dövrəsində Corc Rassell yerini qaytarmaq üçün Oskar Piastriyə hücum edib, ancaq uğursuz olub. Yeddinci dövrədə isə ilk beşlikdə olan Norris, Piastri, Rassell, Sayns və Həmilton DRS qatarı yaradıblar. Səkkizinci dövrədə Maks Ferstappen önündəki Pyer Qaslini geridə qoyaraq, 8-ci yerə yüksəlib.

10-cu dövrədə etibarən Lyuis Həmilron Karlos Saynsın DRS məsafəsindən çıxıb və arxasındakı Şarl Leklerin hücumlarına məruz qalıb. 13-cü dövrədə Leklerlə Lyuis Həmilton təkər-təkərə mübarizə aparıblar və sonda monakolu sürücü gələcək komanda yoldaşını geridə qoya bilib. Yarışın 15-ci dövrəsində isə Serxio Peresin ön qanadı dəyişdirilib və meksikalı sürücü trasa Quanyu Çjounun arxasında – 20-ci yerdə qayıdıb.

Bu anda ikinci yer uğrunda mübarizədə Corc Rassell rəqibi Oskar Piastriyə bir neçə dəfə hücum etsə də, uğursuz alınıb. Yarışın son dövrəsində Corc Rassell Piastriyə son dəfə hücum etmək istərəkən, son düzlükdə Lando Norris gözlənilmədən yerini Oskar Piastriyə verib. Beləliklə avstraliyalı sürücü Qətərdə sprint yarışını qazanıb. Norris ikinci, Rassell üçüncü yerləri tutublar. Sayns, Lekler, Həmilton, Hülkenberq və Ferstappen isə səkkizliyi tamamlayaraq xal alan digər sürücülər olublar.

Bununla da, yarışı qələbə dublu ilə bitirən McLaren komandası Mühəndislər Kubokunda qızıl dəyərində xallar qazanıblar.

 

 

 

 

Rauf Hacıyev

Şərh əlavə et