Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen komanda işindən razıdır

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, RB20-ni yaxşı təkmilləşdiriblər. 

Kokpit.az xatırladır ki, niderlandlı sürücü dünən sprint sıralanma turunda 6-cı yeri tutmuş, bu gün isə sprint yarışında 8-ci olaraq sadəcə 1 xala razı olmuşdu. Lakin dördqat Dünya Çempionu sıralanma turunda hamıdan sürətli olaraq poul qazanıb. Bu, eyni zamanda Maksın iyun ayından – Avstriya Qran Prisindən sonra qazandığı ilk pouldur. 

Maks Ferstappen: “Bu doğrudan da dəlisov vəziyyətdir. Maşında bəzi dəyişikliklər etdik, amma sözün açığı belə performans gözləmirdim. Amma komanda burada çox gözəl işlədi. Bu, çox ümidvericidir. Beləliklə maşının limitlərini daha asanlıqla tapdım və özümü çox rahat hiss etdim.

Buna ehtiyacımız var idi. Poul qazanmaq gözəldir. Artıq uzun müddət olmuşdu. İndi isə bizi 57 dövrə gözləyir və burada çox sürətli döngələr var. Çox yorucu trasdır. Ancaq əsas məsələ təkərlərə nəzarət etməkdir. Sol ön təkər burada çox tez yeyilir. Lakin bolidin indiki sazlanması ilə bu vəziyyətin düzəlməsinə ümid edirəm. Rəqiblərimiz çox yaxındırlar. Bunu sprint yarışında da gördük. Mercedes, McLaren və Ferrari çox sürətlidirlər. İndi biz də rəqabətin içindəyik kimi görünür. Ümid edirəm ki, elə də olar. Bizi gözəl yarış gözləyir”.

Rauf Hacıyev

Şərh əlavə et