Kokpit.az xatırladır ki, britaniyalı sürücü Qətərdəki sıralanma turunda poul üçün ən real namizəd olsa da, yekunda ikinci yeri tutub. Bunda Maks Ferstappenin Corc Rasselli son cəhdində əngəlləməsi önəmli rol oynayıb.
Corc Rassell: “Son dörd sıralanma turunda ilk cərgədə olmuşuq. Bir neçə yarış əvvəl bunu xəyal belə edə bilməzdik. Hazırda əla temp tutmuşam və özümü çox yaxşı hiss edirəm. İlk cəhdim ən yaxşı dövrələrimdən biri olsa da, sonda istədiyim kimi olmadı və Maks məni keçdi. Yenə də müsbət yönlərə köklənmək istəyirəm. Bolid son iki həftədə mükəmməldir və mən həzz alıram.
Maks məni əngəllədiyi üçün çınqıllı zonaya çıxdım və bolidimin altlığını sürtdüm. Ümid edirəm ki, maşın zədələnməyib. Bəlkə də buna görə dövrəmi yaxşılaşdıra bilmədim. Doğrudan da təhlükəli an idi.
Braziliyada performansımızın yaxşı olma səbəbi hava şəraiti idi. Amma burada və Las Veqasdakı performansımız reallığı əks etdirir. Yarış tempimiz ümid verir. Ümid edirəm ki, komanda əmrləri olmaz və düzgün yarışarıq. Maksın ön sıralarda olması gözəldir. Sözün açığı dünənki və bu gün sprintdəki performanslarından sonra özlərinə gəlməyinə görə təəccübləndim. Doğrudan da bizi mübarizədən bol yarış gözləyir”.
Şərh əlavə et