2025-ci il Formula 1 mövsümü üçün Sauber-dəki yerini Niko Hülkenberq və Qabriel Bortoletoya buraxan Valtteri Bottas çox güman ki, ehtiyat sürücü kimi Mercedes-ə qayıdacaq, lakin finlandiyalı pilot gələn il başqa seriyada da mübarizə aparmağı planlaşdırır.
Formula 1-dəki yerini itirməsinə baxmayaraq, Bottas gələn ilin martında yarış həvəskarlarını həyəcanlandıracaq tədbirdə iştirak edəcək. Bottas Avstraliyanın Sidney şəhərində keçiriləcək Çempionlar Yarışında (ROC) yarışacaq.
Tədbirin son iki yarışı İsveçin şimalındakı qar və buz trasında keçirilib. 2025-ci il dəki yarış isə Sidneydəki 83500 nəfərlik Accor Stadionunun daxilində xüsusi tikilmiş asfalt trasda keçiriləcək.
Bu, Bottasın Çempionlar Yarışındakı ikinci iştirakı olacaq. O, ilk dəfə 2023-cü ildə Formula 1 üzrə ikiqat Dünya Çempionu Mika Hakkinen ilə Finlandiya komandasını təmsil edərək yarışmışdı. Gələnilki tədbirdə isə martın 7-si cümə günü komanda yarışı, sabahsı gün isə fərdi yarışlar keçiriləcək
35 yaşlı pilot “Çempionlar Çempionu” adı uğrunda mübarizə aparan yeganə tanınmış pilot olmayacaq. Formula 1 üzrə dördqat Dünya Çempionu Sebastyan Fettel Mik Şumaxerlə birlikdə Almaniyanı təmsil edəcək.
Digər tanınmış pilotlar arasında ralli əfsanəsi və son çempion Sebastien Löb, Avstraliya Supercars rekordçusu Ceymi Vinkap və rallikros əfsanəsi Yohan Kristoffersson var. Böyük Britaniyanı kimin təmsil edəcəyi hələlik açıqlanmayıb. Sonuncu dəfə ölkəni sabiq Formula 1 pilotu Devid Kulthard və W seriyasının üçqat çempionu Ceymi Çadvik təmsil etmişdi.
Şərh əlavə et